A+
A

Tokio, 17 fevral, AZƏRTAC
Yaponiya rentgen şüaları ilə təchiz edilmiş yeni ASTRO-H astronomik süni peykini orbitə buraxmağa hazırlaşır.
Bu süni peyki orbitə çıxaracaq H2A daşıyıcı raketi Yaponiyanın cənub-qərbində Kaqoşima prefekturasındakı Taneqaşima adasında yerləşən Kosmik Tədqiqatlar Mərkəzinin buraxılış meydançasında artıq quraşdırılıb.
ASTRO-H süni peykini kosmosda “astronomik observatoriya” adlandırırlar. Bu peyk qara deşiklər ətrafında baş verənləri müşahidə etmək üçün rentgen şüaları ilə təchiz edilib. Optik texnika belə tədqiqat üçün yararlı deyil.
Alimlər yeni süni peykin kainatın sirlərinin aşkar olunmasında mühüm rol oynayacağına ümid edirlər.
Mütəxəssislər tərəfindən avadanlıqda və hava şəraitində problemlər müşahidə olunmayacağı təqdirdə H2A raketinin fevralın 17-də yerli vaxtla saat 17:45 dəqiqədə kosmosa buraxılışı nəzərdə tutulur. Raketin süni peyki yerdən 575 kilometr yüksəklikdə orbitə çıxaracağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
azertag.az: Yaponiya yeni ASTRO-H astronomik süni peykini orbitə buraxmağa hazırlaşır