1990-cı illərdə ABŞ-da üzərində balaca əjdaha balası şəkli və "Perestroyka! Glasnost!" yazılmış maykalar yaman dəbdə idi. Amerikalılar gülümsəyir, Sovetlər Birliyinin dəyişəcəyini güman edirdilər. Soyuq savaş başa çatırdı. Sovetlər Birliyi darmadağın oldu, Rusiya şər imperiyasından üçüncü dünyanın adi və yoxsul ölkəsinə çevrilirdi. Üçüncü dünya ölkəsindən isə hər şey alına bilərdi - qabaqcıl demokratik ölkədən tutmuş, totalitar və aqressiv bir ölkəyədək.
O dönəmlərdə ABŞ-ın prezidenti olan Bill Klinton şübhə etmirdi ki, Rusiyada demokratik dəyişikliklər qaçılmazdır, Rusiya işıq və inkişaf yolunu tutub.
Daha sonra 1993-cü il gəldi, 1-ci və 2-ci Çeçenistan savaşları yaşandı, Boris Yeltsin varisi qismində Vladimir Putinin adını açıqladı, Moskvada yaşayış binaları partladıldı, neft şirkətləri sahiblərinin əlindən alındı, medianın ağzı bağlandı, müxalifətə divan tutuldu.
Qərb isə hələ də inanırdı ki, bütün bunlar müvəqqəti sapmalardır və gəbərmiş SSRİ Rusiyada xortlaya bilməz.
İnsanın xislətidir - həmişə yaxşıya inanmaq istəyir.


Qərb üçün ilk xəbərdarlıq 2008-ci ilin yayında oldu. Gürcüstanda savaş: Cənubi Osetiyadakı separatçı rejimin lideri Eduard Kokoytının çirkin təxribatları, Tbilisinin cavabı və... başlandı.
Yalnız indi bilirik ki, niyə o vaxt Rusiyanın Gürcüstana yeritdiyi qoşunlar geri çəkiliblər. Sən demə, ABŞ Hərbi-Hava Qüvvələrinin təyyarələri Gürcüstana yaxınlaşıb, ABŞ-ın hərbi gəmiləri də Qara dənizə girmişdilər.
Tərəflər danışıqlar apardılar. Gürcüstan bu danışıqlarda ərazilərinin bir qismini itirdi və belə də olmalıydı - Tbilisi hərbi məğlubiyyətə uğramışdı. ABŞ-ın siyasi və hərbi yardımları olmadan bu məğlubiyyət daha ağır, geosiyasi fəsadları daha pis ola bilərdi.
Ukrayna hələ o zaman anlamalıydı ki, Rusiya təhlükədir. Rəsmi Kiyev mütləq şəkildə NATO-ya qatılmalı, hərbi doktrinasını dəyişməliydi.
Ukraynalılar isə inanmır, hər şeyin yaxşı olacağını düşünürdülər.
Qərb də güman edirdi ki, Vladimir Putin Rusiyanı gəbərmiş SSRİ-nin reinkarnasiyasına, xortdanına döndərmək istəmir. Qərb o zamanlar Moskvaya qarşı indiki sanksiyaları tətbiq etsəydi, bəlkə Rusiya ayılardı.
Fəqət, Qərbin öz məramları vardı.


Bəlkə də pis məramlar deyildi.
Fəqət, siyasətdə yaxşı məramlar xalqları əksər zamanlar fəlakətlərə aparır.
Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl Vladimir Putinin mövqeləri əla idi. Yadınızdamı? - "Time" jurnalının üz qabığında Putinin şəkli, "Putin ilin adamıdır". Doğrudur, onun rejimi komilfo deyildi. Lakin Xodorkovski azadlığa buraxılmışdı, Litvinenkonu qətlə yetirən dəqiq bilinmirdi, Moskva Miloşeviç, Qəzzafi və başqa murdarları dəstəkləsə də, bunu "çoxqütblü dünya düzəni" üçün etdiyini deyirdi.
Moskva onu da vurğulayırdı ki, dəstək və rəğbətlərində yanılıbsa, bunu yalnız ən yaxşı məramlara görə edib.
Qərbə meydan oxuyan, postsovet məkanında SSRİ-ni bərpa etmək istəyən adam "Time" jurnalında "İlin adamı". İroniyanı hiss edirsinizmi?
İndi 2015-ci ildir və Rusiya ilə yanaşı, Azərbaycanda da bəziləri deyirlər: "Əhsən Putinə! Qərbin dizini yerə gətirdi!"
Putin Qərbi nədə və necə udub axı?
Hə, Krım Rusiyaya birləşdirildi. Bu, sırf ərazi artımıdır. Çünki ilhaq və işğal ilə qonşu dövlətin ərazisini, konkret halda Krım yarımadasını ələ keçirməklə Rusiya və şəxsən Vladimir Putinin itirdikləri belədir:


- Rusiyanın beynəlxalq aləmdə nüfuzunun tam itməsi, ölkənin praktiki olaraq "nüvə raketlərinə malik Liberiya" statusuna yuvarlanması
- Rusiya iqtisadiyyatını çökdürən iqtisadi sanksiyalar: neftin ucuzlaşması, müəssisələrə qarşı yasaqlar, texnologiyalar və innovasiyaların Rusiyaya satılmasının qadağan edilməsi
- siyasi sanksiyalar
- ayrı-ayrı dövlət məmurlarına qarşı sanksiyalar
- bank sisteminə qarşı sanksiyalar
- Rusiyanın sərhədlərinin yaxınlığında Ukrayna təki Moskvaya nifrət edən və NATO ilə maksimum dərəcədə intensiv əməkdaşlığı qaçılmaz olan ölkənin formalaşması
- Ukraynada qardaş qırğınını alovlandırmaq və orada iştirak etmək
- Ukraynanın Donetsk və Luqansk vilayətlərindən ibarət "Novorossiya" idefiksi təki absurda görə nüfuzun puç olması
- Ukraynanın şərq və cənubunun Rusiyanın protektoratına keçidini nəzərdə tutan layihənin alt-üst olması, bunun müqabilində Donetsk və Luqansk vilayətlərində separatçıların nəzarətində olan, dağılmış infrastruktura malik kiçik ərazilərə yiyələnmək
- Rusiya ilə Avropa Birliyi və ABŞ arasında praktiki olaraq bütün beynəlxalq layihələrin dayandırılması.
Budurmu Vladimir Putinin udduqları, onu "qalib" göstərən məqamlar?

Budurmu Vladimir Putinin udduqları, onu "qalib" göstərən məqamlar?

Silah və hərbi texnika ilə doldurulmuş Donetsk və Luqansk vilayətlərindəki "könüllülər" bir müddət sonra mütləq Rostov vilayətindən Rusiyaya keçəcəklər.
Üstəlik, Krımı dünya birliyi Rusiya ərazisi qismində tanımayıb və tanımaq niyyətində də deyil. Deməli, bu yarımada yalnız dövlət büdcəsindən maliyyələşdirmə və dotasiyalar hesabına yaşayacaq 2 milyon insanın ömür sürdüyü hərbi baza kimi qalacaq.
Ən nəhayət, Rusiya bu yarımada ilə normal sərnişin daşımalarını təşkil edə bilməyəcək. Çünki təbii çətinliklər və Ukraynanın çox sərt mövqeyi var.
Rusiya, Fransa, Ukrayna və Almaniyanın Minskdə apardıqları danışıqlar nəyi dəyişdi?
Heç nəyi.
Sanksiyalar ləğv olunmadı, Qərbin Rusiyaya münasibəti dəyişmədi, Ukrayna Rusiyaya dost olmadı, Krım tanınmadı, Putin yenə "ilin adamı" seçilmədi, neftin qiyməti bahalaşmadı, rus rublu klinik ölümdən ayılmadı, Rusiya rəhbərliyi ağıllanmadı.
Hanı siyasi uğur, geosiyasi müvəffəqiyyət? Donbas və Luqansk vilayətlərinə "xüsusi status" verməklə "Novorossiya" adlı şizofrenik layihəni uğur saymaq olarmı?
Rusiyadakı kvazidövlətçilik çılğınlığı, ura-patriotizm yanğısı nəyə səbəb oldu?
23 il idi ki, Rusiya sivil, demokratik dövlət kimi görünməyə çalışdı, amma indi hərəkətlərinə nəzarəti itirmiş Şimali Koreya təsiri bağışlayır.


Əgər bütün bunlar uğurdursa, onda Rusiyanın siyasi isteblişmentinə dərin hüznlə başsağlığı verirəm.
Hə, axı onlar hər yerdə və hamını uddular.
Bütün istiqamətlərdə gözlənilən nəticələr olduğu halda, yenə də irəliləyişlərlə "Qərb üzərində qələbələr"dən bəhs etmək sırf mazoxizmdir.
Rəsmi Kiyev mövqelərini dəyişməyib və Ukrayna prezidenti Petro Poroşenko da deyib ki, yalnız Donbas və Luqansk vilayətlərində konstitusiya qaydaları bərpa ediləndən sonra təqaüdçülərdə büdcə təşkilatlarında çalışanlara pensiyalar, maaşlar veriləcək.
Vəssalam, başqa heç nə vəd olunmayıb.
Bəs partladılmış körpüləri, dağıdılmış müəssisələri, viran qalmış evləri kim bərpa edəcək? Bilinmir, çünki Ukraynanın belə niyyəti yoxdur. Bəlkə Rusiya? Şübhəm var.
Moskvanın layihələrinə heç bir dəxli olmayan minlərlə donbaslı və luqansklı niyə həlak oldu, on minlərlə insan niyə yaralandı, yüz minlərlə insan nədən qaçqın düşdü?
Onlar niyə belə bəlalara məruz qaldılar?


"Vladimir Putin Qərbə qalib gəldi" deyənlər yaxşı düşünsünlər. Rusiyanın prezidenti özünə qalib gəlib. Uduzanlar Donetsk və Luqanskdakı insanlardır.
ABŞ və Avropa Birliyi durumdan nəticə çıxarıb. Krım, habelə Donetsk və Luqanskla bağlı məsələlər nizamlanmayınca Rusiyaya qarşı sanksiyalar davam edəcək.
Üstəlik, Qərb Rusiyanı artıq real, etibarlı və normal tərəfdaş kimi görmür.
Ukrayna da baş verənlərdən payını alıb. Ukraynalılar Rusiyanı təhlükə mənbəyi qismində gördüklərindən ordularını gücləndirməyə, Rusiyanın təbliğat maşınının effektivliyini aşağı salmaq üçün tədbirləri gerçəkləşdirməyə başlayıblar.
Ukraynalılar indi daha sıx birləşirlər.
Ukraynadakı böhranda yeganə udan tərəf isə Belarus prezidenti Aleksandr Lukaşenko oldu.


Qərb "Avropanın son diktatoru" adlandırdığı adama qarşı münasibətini dəyişməyə başlayıb.
Ukrayna prezidenti Petro Poroşenkonu da unutmayaq, onun ötən ildəki və indiki görünüşünü müqayisə edək. Fotolara baxın.
Milyardlarla dollarlıq sərvətə malik iş adamı prezident olur, müharibə, siyasi böhran və Rusiya kimi rəqibin öhdəsindən gəlməyə çalışır.
Udan kim, uduzan kim - siz qərar verin...
Elçin Alıoğlu
Twitter: elalioglu