A+
A–

Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də SOCAR-ın təlim, tədris və sertifikatlaşdırma idarəsinin Qobustan regional təlim mərkəzində “BP Exploration (Caspian Sea) Limited” şirkətinin davamlı inkişaf təşəbbüsləri layihəsi çərçivəsində SOCAR ilə BP şirkəti arasındakı mövcud sazişin ikinci fazası çərçivəsində Qaradağ rayonunun 40 nəfər gənc sakininin seçilməsi üçün nəzərdə tutulan müsabiqənin növbəti mərhələsi - imtahan proseduru keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, imtahan prosesində texnoloji qurğuların operatoru ixtisası üzrə 13 yer uğrunda 87 nəfər, təmirçi çilingər ixtisası üzrə 13 yer uğrunda 21 nəfər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə 14 yer uğrunda 63 nəfər iştirak edib. Həmin ixtisaslar üzrə müraciət edənlərin ümumi sayı ilkin mərhələdə 481 nəfər, ixtisaslar üzrə isə müvafiq olaraq 259, 68, 154 nəfər olub.
On aylıq peşə təlimi proqramı Azərbaycan Respublikası Prezidentinin yeni iş yerlərinin açılması, əmək resurslarının təmin olunması istiqamətində verdiyi tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Proqramın məqsədi Qobustan regional təlim mərkəzində müasir avadanlıqlar, tədris vəsaitləri və simulyator qurğularından istifadə etməklə, ixtisaslı və səriştəli müəllimlərin vasitəsilə gənclərə həmin ixtisasların yüksək səviyyədə öyrədilməsi, habelə SOCAR-ın müəssisələrində onlara istehsalat təcrübəsi aşılanması və onların peşə ixtisaslarına yiyələnmələrinə dəstək verilməsidir.

azertag.az: SOCAR və BP şirkətlərinin birgə layihəsi üçün 40 gəncin sınağı başa çatıb