A–
Oğuz, 19 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2015-ci ildə Oğuz rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi əvvəlki illə müqayisədə 1,7 faiz artaraq 80,3 milyon manat təşkil edib. Hesabat ilində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala 15 milyon manat həcmində investisiya yönəldilib. Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, il ərzində sahibkarlara 20 layihə üzrə 275 min manat həcmində güzəştli kredit verilib. Hesabat ilində Oğuz rayonunda 344-ü daimi olmaqla, 457 yeni iş yeri yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı fevralın 19-da Oğuzda keçirilən fəallar yığıncağında səsləndirilib.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül-çiçək düzüb, Mədəniyyət Mərkəzinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun hesabat məruzəsində bildirilib ki, 2015-ci il bütövlükdə rayon iqtisadiyyatı üçün uğurlu olub, ayrı-ayrı sahələr üzrə dinamik inkişaf təmin edilib. “Kənd təsərrüfatı ili”ndə rayonun aqrar sektorunda məhsul istehsalında yüksək nəticələr əldə olunub. Belə ki, ötən il rayonun taxılçıları tərəfindən 50 min 78 ton dənli və dənli paxlalılar istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 15 min 283 ton və ya 43,9 faiz çoxdur. 2015-ci ildə rayonda 63 hektar sahədə yeni meyvə bağları salınıb, mövcud bağlardan 4 min tondan artıq məhsul götürülüb. Meyvə istehsalı əvvəlki illə müqayisədə 783 ton və ya 24,2 faiz artıb. Rayonda 2016-cı ilin məhsulu üçün 17 min 95 hektar sahədə payızlıq taxıl səpilib. Taxıl əkini sahələri əvvəlki ilə nisbətən 745 hektar artırılıb.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə Yaqublu kəndində tam orta məktəb üçün 220 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. Ötən il rayonun 4 kəndi “mavi yanacaq”la təmin olunub. Hazırda 7 kəndə qaz xəttinin çəkilişi davam etdirilir. Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə Oğuz şəhərində 6, kəndlərdə isə 13 ədəd yeni transformator quraşdırılıb, 155 ədəd yüksək gərginlikli elektrik dirəyi yenisi ilə əvəzlənib.
Məruzədə, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Yığıncaqda Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2015-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildiriblər.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
AZERTAG.AZ :Oğuzda taxıl əkini sahələri ötən ilə nisbətən 745 hektar artırılıb

