A+
A–

Kanberra, 20 fevral, AZƏRTAC
Ficiyə sürəti saatda 220 kilometrə çatan güclü “Uinston” tropik qasırğası yaxınlaşır.
Ən yüksək – beşinci dərəcə gücü verilmiş “Uinston” qasırğasının mərkəzində küləyin sürəti saatda 220 kilometrə, ani şiddəti isə saatda 315 kilometrə çatır.
Bu gün axşam qasırğanın Ficinin ən böyük adası Viti-Levuya çatacağı gözlənilir. Burada Ficinin paytaxtı Suva şəhəri və “Nadi” beynəlxalq aeroportu yerləşir. Vita-Levu adasında ölkə əhalisinin təqribən 70 faizi yaşayır.
Hökumət orqanları əhaliyə yaxınlaşan təhlükə və 700-dən artıq təxliyə mərkəzi barədə xəbərdarlıq edib. Ehtiyac yaranacağı təqdirdə əhaliyə həmin mərkəzlərdən istifadə tövsiyə olunub.
Fici Respublikası Sakit okeanın cənubunda 300-dən artıq adada yerləşir və onun əhalisinin sayı 890 min nəfərdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
AZERTAG.AZ :Ficiyə güclü “Uinston” qasırğası yaxınlaşır