A–
Kanberra, 22 fevral, AZƏRTAC
Dağıdıcı “Uinston” (Winston) qasırğasının Ficiyə çatması nəticəsində həlak olanların sayı 10-a çatıb. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb.
Qasırğanın Ficinin tarixində ən çox zərər vuran təbii fəlakət olduğu bildirilir. Bu barədə fevralın 22-də ölkənin hökumət orqanları məlumat yayıb.
Fici arxipelaqına aid uzaq adalardan məlumat daxil olmadığına görə həlak olanların sayının artacağı ehtimal olunur.
Ən yüksək – beşinci dərəcə gücü verilmiş “Uinston” qasırğasının mərkəzində küləyin sürəti saatda 230 kilometrə, ani şiddəti isə 315 kilometrə çatıb. Adaların sahillərində okean dalğalarının hündürlüyünün 12 metrə çatdığı bildirilir.
Ficinin paytaxtı Suva şəhər administrasiyasının məlumatına görə, qasırğa şəhərdə 140 evi tamamilə dağıdıb. Ficinin əsas adası Viti-Levuda ümumilikdə 680 evin qismən, 425 evin isə tam dağıldığı bildirilir. Daxil olan məlumatlara görə, aşağı rayonlarda yerləşən kəndlərin sakinləri daha çox zərər çəkib.
Evlərini itirmiş sakinlər təxliyyə mərkəzlərində qalmaqda davam edirlər. Fevralın 20-də Fici hökuməti fövqəladə vəziyyət və komendant saatı elan etmişdi. Təbii fəlakət rejiminin bir ay davam edəcəyi, komendant saatının isə fevralın 22-də ləğv olunduğu bildirilir. Bu gün Fici ilə beynəlxalq hava nəqliyyatının bərpa ediləcəyi də gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
AZERTAG.AZ :Ficidə “Uinston” qasırğası nəticəsində həlak olanların sayı 10-a çatıb