A+
A–

Bakı, 23 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının Gənclər Birliyi “Xocalıya qayıdacağıq” mövzusunda anım tədbiri keçirib. Bu barədə AZƏRTAC-a YAP Nəsimi rayon təşkilatından məlumat verilib.
Tədbirdə bildirilib ki, Xocalı soyqırımına dünyanın müxtəlif ölkələrində və bəzi beynəlxalq təşkilatlarda hüquqi-siyasi qiymət verilsə də, onun hələ də bütün beynəlxalq təşkilatlar tərəfindən soyqırımı və insanlığa qarşı cinayət kimi qəbul edilməməsi təəssüf doğurur. Nə qədər ki Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli hüquqi-siyasi qiymət verilməyib, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc bu dəhşətli faciəni dünya gənclərinə tanıtdırmaq üçün səylərini əsirgəməməlidir.
Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsində məqsəd Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyasına dəstək olmaqla həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Xocalı soyqırımından 24 il keçməsinə baxmayaraq, bu hadisə hər bir azərbaycanlının yaddaşında qalır və daim qalacaq.
AZERTAG.AZ :Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılmasında gənclər səylərini əsirgəməməlidirlər