“Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. L.Quliyevanın cəzası 1 ilə endirilib.
Qeyd edək ki, L.Quliyeva 2008-2009-cu illərdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində müstəntiq işləyən Hacı Əfəndiyevlə tanış olub. L.Quliyeva H.Əfəndiyevin Tibb Universitetini bitirən həyat yoldaşını 1 saylı doğum evinə ginekoloq vəzifəsinə düzəldəcəyini vəd edib. Müstəntiq bu işlə qaynı Nazim Quliyevin məşğul olacağını deyib. L.Quliyeva N.Quliyevin etibarından sui-istifadə edərək ondan 10 min manat pul alaraq qaytarmayıb. N.Quliyev isə aldanıldığını görüncə hüquq-mühafizə orqanlarına şikayət edib. L.Quliyeva 1985-ci ildən 2010-cu ilə kimi Neftçilər Xəstəxanasında tibb məntəqəsinin müdiri vəzifəsində işləyib.
2015-ci ilin sentyabr ayının 9-da L.Qulieva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
2015-ci ilin dekabr ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində L.Quliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, bu, L.Quliyevanın ilk cinayəti deyil. O, 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin eyni maddəsi (178.3.2-ci) ilə ittiham olunub və barəsində şərti cəza təyin edilib.