Yaxın Şərqdən Avropaya miqrant kimi köç etmiş yüz minlərlə insanın cinayət şəbəkələrinin əlində qurbana çevrilməsi ehtimal edilir və bunların sırasında azərbaycanlıların olması da istisna edilmir.

XXI əsrin qul tacirlərinin azərbaycanlı qurbanları

“Həyat” Humanitar Dəstək İctimai Birliyinin rəhbəri, miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənovun ANS PRESS-ə bildirdiyinə görə, böyük ehtimalla, müharibə ocağına çevrilmiş ölkələrdən Avropaya insanların daşınması üzrə cinayət şəbəkələri fəaliyyət göstərir: “Əks halda, insanların qeyri-leqal şəkildə Aralıq dənizindən gəmilərlə Avropa ölkələri daşınması mümkün olmazdı”.

Qeyri-leqal miqrantların xeyli hissəsi Almaniyadakı kömür mədənləri kimi ağır iş yerlərində məcburi şəkildə işlədilə bilər.

Azər Allahverənovun fikrincə, qeyri-leqal miqrantların xeyli hissəsi Almaniyadakı kömür mədənləri kimi ağır iş yerlərində məcburi şəkildə işlədilə bilər: “Bu insanların sənədlərinin əlindən alınaraq məcburi şəkildə işlədilməsi tamamilə ağlabatandır. Onların orqan ticarəti qurbanlarına çevrilməsi də istisna edilmir”.

Miqrantların Almaniyaya hərəkət istiqaməti
Miqrantların Almaniyaya hərəkət istiqaməti

Mütəxəssisin bu sözləri Almaniya Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda da təsdiqlənir. Nazirliyin məlumatına görə, bu ölkəyə pənah gətirmiş miqrantların 400 mininin harada olması və şəxsiyyəti barədə məlumat yoxdur. Bir neçə gün öncə çıxış edən federal kansler Angela Merkel də ölkəyə pənah gətirmiş 130 min miqrantın izsiz-soraqsız yoxa çıxmasını bildirib. Oxşar xəbərlər İtaliyadan da alınmaqdadır. Bu ölkədə isə həddi-büluğa çatmamış oğlan uşaqları yoxa çıxır.

Almaniyaya sığınmaq üçün gəlmiş hər 3 miqrantdan biri cinayət şəbəkələrinin əlinə keçir.

Almaniyaya 1,2 milyona yaxın miqrant gəlib və DİN-in məlumatından belə görünür ki, bu ölkəyə sığınmaq üçün gəlmiş 3 miqrantdan biri cinayət şəbəkələrinin əlinə keçir. Yaxın Şərqdən miqrant axınının fonunda bir çox azərbaycanlının da Almaniya və digər ölkələrə miqrant kimi getməsi faktları var. Beləliklə, bəzi azərbaycanlıların 1990-cı illərdə olduğu kimi Almaniyada qaçaq fəhlə çalışdıran işbazların əlinə keçə bilməsi ehtimalı artıb.

Həmin illərdə Almaniyada duz mədənlərində bu şərtlərlə işləmiş bir neçə azərbaycanlının söylədiyinə görə, alman sahibkarlar onlara ayda cəmi 600 mark ödəyirmişlər. Halbuki, həmin illərdə Almaniyada tikinti fəhlələri leqal yolla ayda 4 min marka qədər maaş alırdı. Yerli sahibkarlar işçilərin sənədlərini əlindən alaraq onlara yalnız gündəlik xərclərini təmin etməyə çatan qədər maaş verirdilər. Amma bu faktlardan Azərbaycanda çoxlarının xəbəri yox idi və yaxşı həyat üçün bu ölkəyə can atanlar gündən-günə çoxalırdı.

İtaliyada mandarin bağında işlədilən qeyri-leqal miqrantlar
İtaliyada mandarin bağında işlədilən qeyri-leqal miqrantlar

Azər Allaherənov bu məsələdə XXI əsrin insan tacirlərinin rolu olduğunu bildirir: “Bu şəbəkələr insanları aldadaraq problemsiz həyat vəd edirlər. Böyük ehtimalla, bu işlərin arxasında üçüncü qüvvələr durur. Fakt budur ki, Avropa ölkələri ciddi problemlə üz-üzədirlər və bu qədər insanı yerləşdirməyə imkanları yoxdur”.

"Böyük ehtimalla, bu işlərin arxasında üçüncü qüvvələr durur. Fakt budur ki, Avropa ölkələri ciddi problemlə üz-üzədir"

Ekspertin fikrincə, azərbaycanlıları bu cür taledən xilas etmək üçün ciddi təbliğat işi aparmaq lazımdır: “Suriyadan və ya İraqdan baş götürüb gedən insanları anlamaq olar. İnsanlar ailələrini xilas etməyə çalışırlar. Amma azərbaycanlıları başa salmaq lazımdır ki, yalan vədlərə uyaraq saxta xəyallar dalınca getməyə dəyməz”.

Əslində, bu yolu keçmiş adamların həyat nümunələri insanlar üçün örnək olmalıdır. SSRİ yeni dağılan zaman Rusiyaya və Avropanın bir sıra ölkələrinə üz tutmuşların acı aqibəti göz qabağındadır. Həmin vaxt Vətəndə qalaraq hər cür məhrumiyyətə dözmüş insanların çoxunun vəziyyəti qazanc üçün başqa ölkələrə üz tutmuşların durumundan yaxşıdır. Bir də ki, Azərbaycan bizim öz evimizdir və doğma divarları da bizə kömək edir. Bu gerçəyi hər bir həmvətənimizə aşılamalıyıq.

İtaliyada gizli sexdə çalışdırılan çinli qız
İtaliyada gizli sexdə çalışdırılan çinli qız