A+
A–

Moskva, 1 mart, AZƏRTAC
Rus Pravoslav Kilsəsinin Simbirsk Mitropoliyası Ulyanovsk vilayətində (Rusiya) Pravoslav gənclərin birinci forumunu keçirib. Forumda xalqlar dostluğunun əhəmiyyəti xüsusi vurğulanıb.
Pravoslav gənclər forumunda təəssüflə bildirilib ki, konfessiyalararası qarşıdurma zəmanəmizin əlamətlərindən birinə çevrilib. Buna görə də xalqlar arasında sülhü və qarşılıqlı hörməti təbliğ edən din liderlərinin hər bir sözü, həmin liderlərin dini mənsubiyyətindən asılı olmayaraq xüsusi əhəmiyyət kəsb edir. Bu geniş əhatəli tədbirin planlarına müxtəlif strateji oyunlar, treninqlər və ustad dərsləri, habelə hakimiyyət orqanlarının nümayəndələri ilə açıq diskussiyalar daxil idi. Forumun ən mühüm nəticəsi isə gənclər təşkilatları arasında münaqişəsiz vətəndaş cəmiyyəti formalaşmasına şərait yaradacaq əməkdaşlıq barədə sazişlərin imzalanması olub.
Forumun əsas təşkilatçısı qismində çıxış edən Simbirsk və Novospassk mitropoliti Anastasi əmin olduğunu bildirib ki, bu cür cəmiyyət qurmaq üçün konfessional mənsubiyyətindən asılı olmayaraq xeyirxahlığa və dostluğa inanan insanların səylərini birləşdirmək lazımdır. Ömrünün əlli ildən çoxunu müsəlmanlarla pravoslavların uzun illər boyu mehribanlıq şəraitində yaşadığı Kazanda keçirmiş və Kazan Mitropoliyasına rəhbərlik etmiş din xadimi Tatarıstanda illər boyu yaşayan rusiyalılar və azərbaycanlılar arasında münasibətləri nümunə göstərərək deyib: “Kazan mənim ikinci vətənimdir. Mən mənəvi cəhətdən orada yetkinləşmişəm. Bu şəhərdə bütün millətlərin nümayəndələri, o cümlədən azərbaycanlılar bir-biri ilə həmrəydir. Taleyin qismətindən, indi mən buraya, Ulyanovsk vilayətinə köçürülmüşəm və burada da ruslarla azərbaycanlılar arasında eyni dostluq münasibətlərini müşahidə edirəm. İndi bizim ümumi işimiz xalqlarımızı bir-birinə bağlayan dostluq tellərinin toxunulmazlığını dəstəkləməkdir. Biz cəmiyyətimizdə sülhü və həmrəyliyi bu yolla qoruyub saxlaya bilərik. İnanıram ki, biz vaxtilə xalqlarımızı sıx birləşdirən dostluğa sadiq qala biləcəyik”.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin dini məsələlər şöbəsinin rəhbəri Aleksandr Əlixanov qeyd edib ki, Azərbaycan bütün dünya üçün nümunə və örnək ola bilər. Azərbaycan Respublikası müstəqil dövlət kimi mövcud olduğu illər ərzində həm iqtisadi baxımdan, həm də həqiqətən dözümlü, multikultural cəmiyyət qurulmasında böyük uğurlar qazanıb.
Aleksandr Əlixanov deyib: “İndi Yaxın Şərqdə savaş gedir, sünnilərlə şiələr bir-biri ilə dil tapa bilmir, Azərbaycanda isə onlar ölkənin ən böyük məscidində birlikdə namaz qılırlar. Bütün dünyada müsəlmanlarla xristianlar arasında qarşıdurma kəskinləşib, amma Bakıda onlar bir-birini Novruz və Pasxa bayramları münasibətilə təbrik edirlər. Postsovet məkanındakı ölkələrin çoxunda rus dilini unudur və ya qərəzli şəkildə bu dilin kökünü kəsirlər. Amma Azərbaycanda rus məktəblərinin heç biri bağlanmayıb, orada rus icması dolğun həyat sürür, bu icmanın nümayəndələri ölkə parlamentində təmsil olunublar”.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, Ulyanovskda keçirilmiş foruma oxşar tədbirlər vətəndaş cəmiyyətinin formalaşmasına kömək edir. Deputat deyib: “Sabahkı günümüz bu günümüzlə müəyyən olunur. Bu, aksiomdur. Ona görə də gənclərimizin bir fikri məni çox sevindirir ki, həmin gələcək münaqişəsiz olmalı, mənəvi dəyərlərə, xalqlar arasında dostluğa və hörmətə əsaslanmalıdır. Bu baxımdan, Rusiya və Azərbaycan bir-birinə çox oxşayır. Bu, onların inkişafının vahid vektorudur. Təsadüfi deyil ki, Azərbaycanda multikulturalizm dövlət səviyyəsində dəstəklənir, ölkədə multikulturalizmə bu dərəcədə diqqət yetirilir, Rusiyada isə əsas məqsədi müxtəlif millətlərə və dinlərə mənsub insanların qarşılıqlı hörmət şəraitində yaşaya biləcəyi cəmiyyətin qurulmasına kömək etməkdən ibarət olan bu elmə həsr edilmiş yeni mərkəzlər açılır”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
AZERTAG.AZ :Mitropolit Anastasi: “Biz Rusiya ilə Azərbaycan arasında dostluq tellərini qoruyub saxlamalıyıq”