A+
A–

Bakı, 2 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının doqquzüncu ildönümü ərəfəsində respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Dövlət Universitetində Xidmətin səlahiyyətli əməkdaşlarının iştirakı ilə əcnəbi tələbələrlə təşkil olunmuş görüşdə əvvəlcə qurumun funksiyaları haqqında iştirakçılara ətraflı məlumat verilib, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi ilə bağlı yeniliklərdən bəhs edilib. Müxtəlif ölkələrdən olan əcnəbi tələbələrə müvafiq hüquqi sənədlərin tənzimlədiyi miqrasiya sahəsi üzrə sadələşdirilmiş prosedurlar izah olunub. Bildirilib ki, ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublika ərazisində 10 gündən artıq qalmaq istədikdə 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.
Tədbirdə DMX tərəfindən təqdim olunan 11 elektron xidmətdən istifadə imkanları barədə də söhbət aparılıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmiş maarifləndirmə tədbirində də ölkəmizdə miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərə diqqət çəkilib.
Görüşdə müvəqqəti və daimi yaşama icazəsi, haqqı ödənilən əmək fəaliyyəti üçün iş icazəsinin verildiyi və müddətlərin uzadıldığı hallar və müddətlər iştirakçıların diqqətinə çatdırılıb. Məlumat verilib ki, ötən il müraciətlər əsasında 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb, 53 min 200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti, 2640 şəxsə isə daimi yaşama icazələri verilib.
Ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı verilən məlumatlar da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda suallar cavablandırılıb.
AZERTAG.AZ :Dövlət Miqrasiya Xidməti əcnəbi tələbələrlə görüşlər təşkil edib
Dövlət Miqrasiya Xidməti əcnəbi tələbələrlə görüşlər təşkil edib
Dövlət Miqrasiya Xidməti əcnəbi tələbələrlə görüşlər təşkil edib