Milli.Az xalq artisti Məleykə Əsədovanın primetime.az-a müsahibəsini təqdim edir:
- Son zamanlar aktrisalıq çox dəbdədir. Xüsusilə qadın aparıcıları, müğənniləri televiziya seriallarında müxtəlif obrazlarda görürük. Sizcə, aktrisa olmaq bu qədər asandır?
- Kim hansı sahəyə maraq göstərirsə, o işlə də məşğul olur. İncəsənət yeganə sahədir ki, burada qadağandan söhbət belə gedə bilməz. Əgər bir insan onu xoşbəxt edəcək işi ilə məşğul olursa, demək, artıq uğur qazanıb. Heç kimin işinə qarışmağı sevmirəm. Məşhur bir deyim var: "Tamaşaçı gözü tərəzidir". Ona görə də gəlin bu suala cavab verməyi oxucuların öhdəsinə buraxaq.
- Əməkdar artist Mətanət İsgəndərli özünü şou-biznesin "Kleopatra"sı adlandırıb. Sizcə, bu nə dərəcədə real görünür?
- Mətanət İsgəndərlinin xətrini çox istəyirəm. Amma bu bir reallıqdır ki, səhnənin Kleopatrası da, kraliçası da mənəm. Etiraz etmirəm, qoy şou-biznesdə "Kleopatra" Mətanət xanım olsun. Gündəlik həyatda mən elə Məleykəyəm. Həm səhnəyə, həm həyata bəzək verən Məleykə.
- Maraqlıdır, Məleykə xanım kimə güvənir?
- Allahıma güvənirəm. Sonuncu dediyim şeirdə də məhz bu fikrim əks olunur. Ürəyimdə Tanrı eşqi, dilimdə də Allahın adı var. Yaşa dolduqca Rəbbimə daha çox sığınıram. Bütün bəşəriyyəti sevəcək ürəyə sahibəm. Bir etiraf edim, insanlara olan güvənim azalır. İstəmirəm, bu belə olsun. Haqsızlığa göz yuma bilmirəm. İnsanlar çalışsın, bir-birlərinə sevgi ilə yanaşsınlar. Vallah, münasibətlərdə doğmalıq olanda həyatda yaşamaq da gözəlləşir. Şüarım-şüardır: dünyamızı gözəllik xilas edəcək!
- Bədən quruluşunuz hər zaman idealdır. Bu gözəlliyin sirrini hələ də açmaq istəmirsiz?
- Səhnə insanı hər zaman formada olmağı bacarmalıdır. Bədən quruluşumun ideal olması üçün ilk növbədə idman edirəm, ardınca yediyim qidalara ciddi yanaşıram. Hər səhər yuxudan oyanan kimi meyvə şirəsi qəbul edirəm. Gün ərzində yağlı yeməklər yemirəm. Gecələr süd içirəm. Çörəkdən ümumiyyətlə imtina etmişəm. Amma az əvvəldə söylədim kimi, insanın qəlbi gözəl olunca, xarici görünüşü də işıq saçır. Bu müsahibəmi oxuyan insanlara səslənib deyirəm ki, çalışın, ən xırda neqativ hadisəni belə öz gözlərinizdə gözəlləşdirin. Kin-küdurətdən uzaq olmaq insanın yaşam tərzinə də müsbət təsir edir. Gəlin hər günümüzü sevərək yaşayaq...
Milli.Az


