A+
A–

Bakı, 3 mart, AZƏRTAC
Asiya İnkişaf Bankı Azərbaycana şəhərsalma sektorunda yardımını kredit və texniki yardımlar vasitəsilə həyata keçirir. Bu sahə üçün birinci su təchizatı və kanalizasiya layihəsi çərçivəsində 30 milyon ABŞ dolları və hazırda davam edən su təchizatı və kanalizasiya investisiya proqramı üçün 600 milyon ABŞ dolları həcmində kreditlər ayrılıb. 2017-ci ildə AİB yeni texniki yardım çərçivəsində aparılacaq ikinci su təchizatı və kanalizasiya investisiya proqramının hazırlanmasını planlaşdırır.
AİB-dən AZƏRTAC-a bildiriblər ki, bu barədə AİB-in təşkilatçılığı ilə martın 3-də Bakıda keçirilən Azərbaycan üzrə Milli Şəhər Qiymətləndirilməsi seminarında məlumat verilib.
Beynəlxalq şəhərsalma üzrə mütəxəssislərin, ekspertlərin, bir sıra nazirlik və digər dövlət orqanlarının, donor və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri seminarda ölkənin şəhərsalma sistemi, inkişaf prioritetləri və çətin maliyyə mühitində şəhərsalma sahəsində investisiyalarının qoyulması məsələləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan üzrə Milli Şəhər Qiymətləndirilməsi AİB-in Azərbaycan üzrə 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası, 2016-2018-ci illər üçün Ölkə üzrə Əməliyyatlar Biznes Planına və Azərbaycan hökumətinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılıb.
"AİB-in dayanıqlı şəhərsalma sektoruna yardım bankın 2012-2020-ci illəri əhatə edən Şəhərin Əməliyyat Planına əsasən aparılır", - deyə AİB-in şəhərsalma üzrə baş mütəxəssisi Sancay Joşi deyib.
"Azərbaycan üzrə Milli Şəhər Qiymətləndirilməsi ölkədə şəhərsalma sektorunun inkişafını təhlil edəcək və hökumətin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun regionlarda balanslaşdırılmış urbanizasiya üçün investisiya prioritetlərini müəyyən edəcək", - deyə AİB-in şəhərsalma üzrə mütəxəssisi Ramola Naik Singru diqqətə çatdırıb.
AZERTAG.AZ :Asiya İnkişaf Bankı ikinci Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramının hazırlanmasını planlaşdırır