A+
A–

Tokio, 4 mart, AZƏRTAC
Yaponiyanın mərkəzi hökuməti və Okinava prefekturasının hakimiyyət orqanları ABŞ hərbi bazasının həmin prefektura ərazisində yerdəyişməsi məsələsində kompromis əldə edərək mübahisəni məhkəmədə tənzimləyiblər.
Baş nazir Şinzo Abe martın 4-də Nazirlər Kabinetinin iclasında Naqo şəhərində torpaqtökmə işlərinin davam etdirilməsi məsələsinin tənzimlənməsi üçün məhkəmənin yeni təklifini qəbul etmək barədə qərar verdiyini deyib.
Hökumət bəyan etmişdi ki, torpaqtökmə işləri ABŞ dəniz piyadalarının əhalinin sıx yaşadığı Qinovan şəhərindəki Futemma bazasının əvəzinə yenisinin inşası üçün zəruridir.
Məhkəmənin təklifinə görə, hər iki tərəf biri-birinə qarşı irəli sürdüyü üç iddianı geri götürməlidir.
Bu təklif mərkəzi hökumətə torpaqtökmə işlərini dayandırdıqdan sonra Okinavanın qubernatoru Takeşi Onaqaya bu işlərin icrasına xələfi tərəfindən verilən icazəni geri çağırmaq barədə qərarın ləğvini tövsiyə etməyi nəzərdə tutur.
Məhkəmə təklif edir ki, prefekturanın hakimiyyət orqanları mərkəzi hökumətin qərarı ilə razılaşmasa yenidən məhkəmə iddiası qaldıra bilər. Bu təklif, eyni zamanda, hər iki tərəfə məhkəmə tərəfindən qəbul olunacaq qərarı yerinə yetirməyi tövsiyə edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiya hökuməti və Okinava prefekturasının rəhbərliyi Futemma bazası ilə bağlı kompromisə gəliblər