Azərbaycandakı devalvasiya xaricdə təhsil alan tələbələrimizin də durumunu xeyli dərəcədə ağırlaşdırıb.

Milli.Az bildirir ki, bir müddət öncə Türkiyədə olan musavat.com əməkdaşı Türkiyənin Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələrdən bu barədə şəxsən məlumat alıb.

Məlum olub ki, yüksək həvəslə qardaş ölkəyə təhsil ardınca gedən tələbələrin əksəriyyəti ötən il ərzində manatın dollarla müqayisədə ucuzlaşması səbəbindən təhsildən çox, maddi problemlərini həll etmək barədə düşünürlər. Hətta vəziyyət bu cür davam edərsə, təhsilini yarımçıq qoyub ölkəyə qayıdacağını deyənlər də var.

Sakarya Universitetinin Azərbaycanlı Tələbə Birliyinin sədri Qurban Qurbanlı Sakarya Universitetinin politologiya və dövlət idarəetməsi fakültəsinin ikinci kursunda təhsil alır. Keçən ilin oktyabr ayından bu vəzifəyə seçilib. Qurban bəy deyir ki, universitetdə qalıb müəllim kimi işləmək şansı var: "Amma mən Azərbaycana qayıtmaq istəyirəm. Çünki ilk gündən təhsilimi başa vurandan sonra ölkəmə qayıdıb onun yararlı vətəndaşı kimi çalışmağı qarşıma məqsəd qoymuşam". Lakin etiraf edir ki, üzləşdikləri problemlər onları çıxılmaz vəziyyətdə qoyub: "Sakarya Universitetində 62 ölkədən 87 min tələbə təhsil alır. Burada pulsuz təhsil yoxdur. Səhər növbəsi daha ucuzdur, yarı qiymətinədir, ancaq axşam saat 17.00-dan sonra təhsil alanlar ikiqat vəsait ödəyir. Azərbaycanlı tələbələrin sıxıntıları daha çox artıb".

Q.Qurbanlının sözlərinə görə, devalvasiyadan öncə elə də ciddi problemləri olmayıb: "O zaman 100 dollar 250-300 Türkiyə lirəsi (TL) edirdisə, 100 manatı 350-400 TL-yə dəyişirdik. İndi 100 manat göndərildiyi zaman bu, cəmi 170-180 TL edir. Yəni yarıbayarı itkimiz var". Azərbaycanlı tələbələr əsasən sosial elmlər sahəsində təhsil alırlar. Dil problemi olması səbəbindən mühəndislik sahəsinə qəbul olunanların əksəriyyəti sonradan fakültələrini dəyişməyə qərar verir.

Birlik sədri deyir ki, hələlik təhsilini yarımçıq qoyub qayıdanlar olmasa da, tələbələrin bir çoxu ciddi problemlər içərisində çıxılmaz durumda qalıb: "Məsələn, hər il şəhərə qeydiyyata düşməliyik. Buna görə lirə sığorta və vergi ödənişləri var. Devalvasiyadan qabaq bu, 180 manata başa gəlirdisə, indi 360-400 manat edir. Elə tələbələr var ki, 3-4 aydır həmin ödənişləri ödəyə bilmirlər və qeydiyyatsızdırlar. Biz bəzi tələbələrə kömək etməyə çalışdıq. Amma ehtiyacı olanların sayı həddən artıq çox olduğuna və biz də öz hesabımıza maliyyələşdiyimizə görə onları tam əhatə edə bilmədik. Bununla belə, azsaylı tələbələrə kömək edə bildik".

Q.Qurbanlı Təhsil Nazirliyinə və Azərbaycanın iş adamlarına müraciət edib onları tələbələrə dəstək olmağa çağırdı: "Bu gün həqiqətən çox pis vəziyyətdə olan tələbələrimiz var. Bəziləri yataqxana pulunu, təhsil haqqını ödəmək üçün məcburən 40 lirəyə günün 14-16 saatını işləyirlər. Onlar dərsə gedə bilmirlər, imtahanlardan kəsirləri olur. Tələbələrimiz əsasən kafelərdə işləyirlər, ev-ev gəzib yemək sifarişlərini çatdırırlar. Kafelər də tələbələrin çətin vəziyyətdə olmasından istifadə edib onlara cüzi əmək haqqı verir. Hələ ki, təhsildən imtina edənlər yoxdur. Ancaq fakt budur ki, maddi sıxıntılar içərisində olan tələbələrimiz ali təhsili artıq ikinci plana atıb və ehtiyaclarını ödəmək üçün işləməyə üstünlük veriblər".

Yeri gəlmişkən, Q.Qurbanlı bir məsələ ilə bağlı da xəbərdarlıq etdi. Onun dediyinə görə, bəzi vasitəçi şirkətlər tərəfindən aldadılan bir qrup tələbə təhsilini yarımçıq saxlayıb geri qayıtmağa vadar olub. Ona görə də abituriyentləri ali təhsillə bağlı seçim edərkən ehtyatlı olmağa çağırdı.

Əslən Bakıdan olan, turizm sahəsində təhsil alan ikinci kurs tələbəsi Rüfət Teymurzadə də dedi ki, devalvasiyadan sonra tələbələrin vəziyyəti gərginləşib: "Əvvəllər evdən 100 manat göndərilirdisə, bu, 300 TL edirdi, indi isə 150 TL edir. Ona görə də vəziyyətimiz çətinləşib. Burada vəziyyətləri çox pis olanlar var, onlara yardım lazımdır. Bizə burada işləmək izni yoxdur. Amma dərsdən sonra tələbələr müəyyən sahələrdə, kafelərdə işləyib pul qazanırlar. Ayda 800-1000 TL arası xərcimiz çıxır. Təkcə yataqxana xərci 400-450 lirədir".

Sakarya Universitetində olarkən öyrəndik ki, digər ölkələrdən gələn tələbələrin durumu heç də azərbaycanlılarınkı kimi ağır deyil. Belə ki, Qazaxıstanda devalvasiya olandan sonra Astana maddi baxımdan xaricdə oxuyan qazax tələbələrə yardım edib. Eyni zamanda Türkmənistandan olan tələbələrə də hökumətin dəstəyi olub.

Qazaxıstan Tələbə Birliyinin başqanı Muhidcan Rəhman deyir ki, onların durumu daha yaxşıdır: "Biz dövlət hesabına təhsil alırıq, ona görə də yardıma ciddi ehtiyacımız yoxdur. Lakin ehtiyacı olanlara da müəyyən dəstək verildi".

Əfqanıstandan olan tələbə, 1-ci kurs tələbəsi Zahir Oktay da ciddi çətinliklərinin olmadığını bildirdi: "Azərbaycandan olan tələbə qardaşlarımızın çətinliklərindən xəbərdarıq. Ona görə də Alik bəylə (Sakaryada tələbə fəallardandır-E.P.) və Qurban bəylə bərabər onlara yardım etməyə çalışırıq".

Türkmənistanlı tələbə Atabəy Quliyev isə dövlətin onlara hər cür yardım etdiyini, hansısa şikayətlərinin olmadığını söylədi. O, əlavə etdi ki, Sakaryadakı türkdilli ölkələrdən olan tələbələr bir-birinin problemlərinin həllinə çalışırlar.
Ümid edirik ki, Azərbaycan hökuməti tələbələrimizin durumunun yaxşılaşdırılması üçün müvafiq addımlar atacaq. Unutmayaq ki, bu gün onlara verilən dəstək sabahımıza, kadr potensialımıza qoyulan yatırımdır. Kadr bankının potensial təmsilçiləri çıxılmazlıqdan dərsdən yayınıb kafelərdə işləməyə vadar olursa, bu, heç yaxşı hal deyil. Elə Azərbaycan adına da...

Milli.Az

Türkiyədə 40 lirəyə 14-16 saat işləyən tələbələrimiz- FOTO
Türkiyədə 40 lirəyə 14-16 saat işləyən tələbələrimiz- FOTO
Türkiyədə 40 lirəyə 14-16 saat işləyən tələbələrimiz- FOTO
Türkiyədə 40 lirəyə 14-16 saat işləyən tələbələrimiz- FOTO
Türkiyədə 40 lirəyə 14-16 saat işləyən tələbələrimiz- FOTO