A+
A–

Bakı, 10 mart, AZƏRTAC
2016-cı il fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan 92 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması martın 9-da başa çatıb.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 2687 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin 92,18 faizi Dövlət Statistika Komitəsi üzrə olub.
Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin məlumatların beynəlxalq mübadiləsi sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrədir (158 namizəd). Energetika və ətraf mühit statistikası şöbəsinin ətraf mühit statistikası sektorunda aparıcı məsləhətçi vəzifəsinə 143, energetika statistikası sektorunda aparıcı məsləhətçi vəzifəsinə 139, milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin iqtisadi balanslar sektorunda aparıcı məsləhətçi vəzifəsinə 111 namizəd qeydə alınıb.
Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulur.
İmtahanın kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər https://www.youtube.com/watch?v=dBFmAaPYUAA ünvanda tanış ola bilərlər.
İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığından ibarət olur.
Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (http://dqmk.gov.az/index.php/home/post/1270 ) yerləşdirilib. İmtahan zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
AZERTAG.AZ :Dövlət Komissiyasının elan etdiyi müsabiqə üzrə qeydiyyat başa çatıb