A–
Bakı, 10 mart, AZƏRTAC
“AlphaGo” proqramı qo oyunu üzrə ən güclü ustalardan biri (beynəlxalq titulların sayına görə dünyada ikinci) olan koreyalı Li Sedola qarşı seriya yarışlardan birincisini udub.
AZƏRTAC “Gizmodo.com” saytına istinadla xəbər verir ki, martın 9-da başlayan yarış martın 13-nə kimi davam edəcək. Hər gün süni intellekt və Li Sedol güclərini bircə dəfə sınayır. “YouTube”-da canlı yayımla oyunun gedişini izləmək mümkündür.
“AlphaGo”nu hazırlamış “DeepMind” əməkdaşlarının sözlərinə görə, azsaylı səhvlərə baxmayaraq, proqram çempiona inamla qalib gəlib.
Qədim Çində yaranmış məntiqi stolüstü oyun olan qo süni intellekt üçün ən çətin tapşırıq sayılır. Oyun taxtası böyük olduğundan, gedişlərin proqnozlaşdırılması çətindir.
İki oyunçudan biri qara daşlar, digəri ağ daşlarla güclərini sınayır. Rəqiblərin məqsədi öz daşları ilə oyun taxtasında daha çox ərazini əhatələməkdir. Ən yaxşı proqramlar hələ ki, həvəskar oyunçuların səviyyəsindən o yana keçə bilməyib.
“AlphaGo” oyun partiyalarının 99,8 faizində digər proqramlara qalib gəlib, sonra heç bir handikap olmadan qo oyunu üzrə Avropa çempionu üzərində üstünlük qazanıb.
AZERTAG.AZ :Süni intellekt qo oyunu üzrə dünya çempionuna qalib gəlib