A+
A–

Bakı, 11 mart, AZƏRTAC
Mart 11-də Parisdə Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlığa dair 2013-cü ildə imzalanmış Çərçivə sazişinin reallaşdırılması müzakirə etmək məqsədilə Rəhbər Komitənin ilk toplantısı keçirilib.
Toplantıda UNESCO-nun müvafiq bölmələrinin nümayəndələri və Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edir. Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsini icra edən Gülnarə Ağalarova və Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Nuriyyə Məmmədova daxildir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasın keçirilməsində məqsəd sözügedən saziş çərçivəsində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə UNESCO tərəfindən həyata keçirilmiş layihələr haqqında müvafiq hesabatların təqdim edilməsi və qiymətləndirilməsi, həmçinin yeni layihələrin dəstəklənməsi imkanlarının araşdırılmasıdır.
Qeyd edək ki, mədəniyyət sahəsində aşağıdakı layihələr həyata keçirilib: “Mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi məqsədilə elektron təlim mənbələrinin inkişaf etdirilməsi”, “İpək Yolu onlayn Platforması”, “Banqladeş və Qvatemalada davamlı inkişafın təmin edilməsi məqsədilə qeyri-maddi mədəni irsin mühafizəsi sahəsində dövlətin qabiliyyətinin gücləndirilməsi”.
AZERTAG.AZ :UNESCO-nun baş qərargahında Çərçivə sazişi üzrə Rəhbər Komitə ilk dəfə toplanıb