Ölkəmizdə reklamların dilinə nəzarətin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutuna həvalə edilməsi təklif olunur.

Trend-in məlumatına görə, "Reklamlarda dil və üslüb problemləri" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyib ki, Azərbaycanda açıq məkan, yəni küçə reklamlarında səhvlər çoxdur. O bildirib ki, reklamın dili şəhərin dilidir, çünki reklamlar şəhəri məlumatlandırır: "Bəs bu məlumatlar necə ortaya çıxır?! Kimisi reklamın mətninə türk, kimisi fars, kimisi isə rus dilindən sözlər daxil edir. Mağazaların üstündə başa düşülməyən, xarici dildə adlar yazılır. Sırf Azərbaycan dilində reklam olmur. Bu, dil normalarımıza ziddir".

"Reklam haqqında" qanuna görə, reklam dilinə nəzarətin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə həvalə edildiyini deyən H.Atakişiyev təklif edir ki, bu məsələ Dilçilik İnstitutuna həvalə edilsin. Bunun üçün Dilçilik İnstitutunun nəzdində MMC yaradıla bilər.

H.Atakişiyev qeyd edib ki, Avropadan fərqli olaraq, Azərbaycanda çəkilən reklamlarda səsləndirmə çox zəifdir, uşaq obrazını böyüklər səsləndirir: "Ancaq bir MMC yaradılsa, o, bazardakı reklamları tənzimləyə, onların mətnini hazırlaya və insanlara çatdıra bilər".

Dilçilik İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli isə bildirib ki, institutunun artıq sınaq sistemində çalışan "Qaynar xətt"inə müəyyən müraciətlər edilməyə başlanıb. Bunu yaxşı hal sayan Q.Məhərrəmli "Qaynar xətt"ə müraciət etmək üçün daha fəal olmağa çağırıb. O deyib ki, rayonlardakı küçə reklamları və elanlarında səhvlər daha çoxdur: "Azərbaycanda çox sayda hipermarketlər var. Ancaq onlarda şöbələrin adlarından tutmuş işçilərin üzərində yazılan kimliklərə qədər nə qədər səhvlər var. Rus və ingilis dilindən tərcümələrdə səhvlər daha çoxdur, dilin xüsusiyyətlərini bilmədikləri üçün tərcümə zamanı əcaib ifadələr yaranır".

Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı qəzetimizə açıqlamasında bildirdi ki, Dilçilik İnstitutu daha çox akademik araşdırmalarla məşğuldur. Ona görə də bu işlə məşğul olmaq üçün xüsusi qurum yaradılıb, sistemli şəkildə iş aparılmalıdır: "Dilçilik İnstitutunun reklam dilinə nə cür nəzarət edəcəyini deyə bilmərəm. Bunun üçün xüsusi qurum yaradılmalı və bu işləri görməlidir. Əgər iş bu şəkildə qurulsa, başqa məsələ. Terminologiya Komissiyası, dillə bağlı ictimai təşkilatlar bu məsələdə əlaqəli işləməlidirlər. Bu zaman Dilçilik İnstitutunun da fəaliyyəti müəyyən nəticə verə bilər. Yoxsa Dilçilik İnstitutunda dilin öyrənilməsi ilə bağlı ayrı-ayrı şöbələr var. Hesab edirəm ki bu iş daha konkret olmalıdır. Bu iş Reklamçılar İttifaqı ilə birgə aparılmalıdır".

S.Rüstəmxanlı deyir ki, reklamlarımızın dili arzu etdiyimiz səviyyədə deyil: "Ona görə ki, reklamların çoxunda onların Azərbaycanda yayımlanacağı unudulur. Əvvəla dilin qanunları pozulur. Reklamlarda xarici sözlər Azərbaycan dilindəki sözlərdən daha böyük yazılır. Brend dükanların adlarının yanında yazılan təyinedici sözlərin hamısı təəssüf ki, ya bizim dildə yazılmır, ya da çox kiçik şirftlərlə yazılır. Bakının hətta mərkəzi hissələrində yerləşdirilən reklam lövhələrində qrammatik səhvlər olur. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır".

Reklamçı və gənc rejissor Oktay Namazov deyir ki, şəhərdəki billboardların üzərindəki, televiziyalarda izlənilən və ya radioda dinlədiyimiz reklamların mətnlərə nəzarət etmək üçün minlərlə işçisi olan bir idarə yaradılmalıdır: "Bu isə çətin məsələdir. Deyək ki, mümkündür və olacaq. Mən hələ buna inanmasam da, yenə də öz münasibətimi bildirim. Reklamın özünün yaranma səbəbi rəqabət mühitinin formalaşması, azad bazar sisteminin yaranması və s-dir. Reklam mütləq yaradıcılıq tələb edir. Müdaxilə edilən işdə isə yaradıcılıq itəcək. Təsəvvür edin, bir reklam agentliyində yaradıcı heyət bir neçə gün baş sındırıb, ideya tapıb, sonra onu billboarda asanda deyirlər ki, o cümlə olmaz. Əgər pomidor yerinə domates işlədirsə, olmaz, bununla razıyıq. Ancaq bu da reklamçının işinə müdaxilədir".

O.Namazov deyir ki, problemin digər tərəfi Azərbaycanda bəzi reklamçıların reklam panolarını şeir lövhələrinə çevirmələridir: "Sanki ədəbiyyatımız billboardlarda həkk olunub. Qafiyə yarışı gedir. Reklam mətnlərinin yerinə şeir yazırlar. Məncə, bu, çarəsizlikdən qaynaqlanır. Belə hallar yanlış sahədə fəaliyyət göstərən insanların xətalarından qaynaqlanır. Türkiyə ilə müqayisə etsək, türk dilində sözlər daha zəngindir. Özləri sözlər yaradırlar və reklamları da daha səmimi dillədir. Yeri gələndə ləhcələr, yeri gələndə məhəllə dilində reklam hazırlayırlar. Bizdə isə reklamların dilinə müdaxilə olsa, onda işlərin daha da pisə doğru gedəcəyini düşünürəm. Reklam rəqabəti sevir, müdaxilə sevməz. Təbii ki, təhqirə və haqsız rəqabətə yol verildiyində müdaxilə edilməlidir. Amma digər hallarda yox".

O.Namazov onu da bildirdi ki, bizdə reklamlar sanki kitab oxunur kimi səsləndirilir: "Amma türklərdə daha səmimi dildən istifadə olunur. Keyfiyyəti artırmaq üçün rəqabət təbii ki, hər zaman işə yarayacaq. Ancaq müdaxilə etmək keyfiyyəti artırmayacaq".

"Kaspi" qəzeti