A–
Bakı, 15 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbirlər respublikanın Gəncə, Bərdə, Sabirabad, Saatlı, İmişli, Ağdaş, Qəbələ, həmçinin paytaxtın Qaradağ şəhər və rayonlarının polis idarə və şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə keçirilib.
Belə ki, keçirilmiş səyyar xidmətlər zamanı Gəncə şəhərində 329, Bərdə rayonunda 289, Sabirabad rayonunda 469, Saatlı rayonunda 1031, İmişli rayonunda 1794, Ağdaş rayonunda 823, Qəbələ rayonunda 216, Qaradağ rayonunda 206, ümumilikdə 5200-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
AZERTAG.AZ :Vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmətlər davam etdirilir