A–
Neftçala, 16 mart, Mahir Babayev, AZƏRTAC
Martın 16-da səhər saatlarında Neftçala şəhərindəki Mədəniyyət Mərkəzinin qarşısında böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salmaq üçün toplaşmışdılar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Qrupun rəhbəri, şəhər 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva AZƏRTAC-a müsahibəsində səfər proqramı barədə məlumat verərək deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Neftçalanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında, onların dünyagörüşünün artırılmasında əvəzsiz rol oynayır. Şagirdlərimizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarıq.”
Tur-aksiyanın iştirakçıları, şəhər 1 nömrəli orta məktəbin XI sinif şagirdi İlknur Mahmudlu və Humanitar təmayüllü “Muğan” liseyinin IX sinif şagirdi Gülcahan Manafova ekskursiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
Daha sonra şagirdlər xüsusi avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola çıxıblar.
Xatırladaq ki, builki tur-aksiyada Neftçaladan 40 məktəbli iştirak edir.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” tur-aksiyası şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır

