A–
Bakı, 17 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) Ağsu, Zaqatala və Gəncədə maarifləndirmə tədbirləri keçirib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə dünyada miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına toxunulub, ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı görülmüş işlər barədə danışılıb. Habelə miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb.
Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin binasında əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin, işəgötürənlərin, sahibkarların iştirakı ilə keçirilən görüşdə Xidmətin aparatının və regional miqrasiya idarəsinin məsul əməkdaşları çıxış ediblər. Bildirilib ki, hazırda Avropada yaşanan miqrant böhranı bu sahədə düşünülmüş və məqsədyönlü siyasətin həyata keçirilməsinin zəruriliyini göstərib. Çünki miqrasiya siyasəti ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Bu məqamları yüksək qiymətləndirərək 9 il əvvəl miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayan Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda Xidmət və 8 regional miqrasiya idarəsi tam gücü ilə fəaliyyət göstərir. Görülən işlərin nəticəsidir ki, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq ötən ilin sentyabrında respublikamıza səfəri zamanı Prezident İlham Əliyevin qəbulunda olarkən ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən işləri miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə adlandırıb.
Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Zaqatala rayonunda keçirilmiş tədbirdə hələ ötən əsrin 80-ci illlərinin sonlarından Ermənistanın Azərbaycana təcavüzü nəticəsində kütləvi miqrant axını ilə üzləşən ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkünün məşğulluq, təhsil, sosial, mənzil-məişət kimi ciddi prоblеmlərinin öhdəsindən gəldiyi vurğulanıb. İkili standartların - təcavüzə son qoyulması üçün dünya birliyinin Ermənistana ciddi təzyiq göstərməməsinin insanların yurd-yuvasından didərgin düşməsinə, məcburi miqranta çevrilməsinə səbəb olduğu təəssüflə qeyd edilib.
Tədbirdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan DMX-nin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib. Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şəraitdən söhbət açılıb. Diqqətə çatdırılıb ki, Bakıda və Yevlaxda müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyət göstərir.
Gəncə regional miqrasiya idarəsi əməkdaşlarının Azərbaycan Dövlət Aqrar Universitetində keçirdiyi görüşdə isə miqrasiya sahəsində qanunvericilikdəki yeniliklərdən danışılıb. Vətəndaşlığı olmayan şəxslərlə bağlı münasibətləri tənzimləyən milli qanunvericiliyin bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması, ümumiyyətlə vətəndaşsızlıq hallarının aradan qaldırılmısı istiqamətində Xidmətin gördüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlərlə bağlı məlumatlar diqqətə çatdırılıb.
Bildirilib ki, əvvəllər işəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri haqqı ödənilən əmək fəaliyyətinə cəlb edərkən iş icazəsinin verilməsinə görə dövlət rüsumunun məbləği müddətdən asılı olmayaraq, 1000 manat olduğu halda, dəyişikliyə əsasən 3 ay, 6 ay və 1 il müddətinə verilən iş icazələrinə görə müvafiq olaraq 350, 600 və 1000 manat məbləğində dövlət rüsumu ödənilir. Həmçinin yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşama icazələrinin verilməsi və müddətinin uzadılması, eləcə də müvəqqəti olma müddətinin artırılması üçün dövlət rüsumları 50 faiz azaldılıb.
Görüşdə, həmçinin bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub, suallar cavablandırılıb.
İştirakçılar maarifləndirmə işinin təşkilindən razı qaldıqlarını bildiriblər.
AZERTAG.AZ :Miqrasiya qanunvericiliyindəki yeniliklərlə bağlı bölgələrdə maarifləndirmə tədbirləri keçirilib