Prezident İlham Əliyev "Poçt ödəniş xidmətləri haqqında" Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikası "Poçt ödəniş xidmətləri haqqında" 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Sazişə müvafiq bəyanatla qoşulur.

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində "Poçt ödəniş xidmətləri haqqında Saziş"in müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyil.

Azərbaycan Respublikası bəyan edir ki, "Poçt ödəniş xidmətləri haqqında Saziş"in müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Azərbaycan Respublikası bu Bəyanatın 1-ci və 2-ci hissələrinin müddəalarını istənilən vaxt dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır və digər Tərəflər belə dəyişikliklər və ya ləğvetmə haqqında yazılı surətdə məlumatlandırılacaqlar.

Milli.Az