Bakı, 18 fevral, AzərTAc
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir.
AzərTAc xəbər verir ki, nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası (PFL) İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsinin 3 üzvü var. Bununla əlaqədar Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Seçki AFFA-nın martın 6-da təşkil olunacaq növbəti konfransında keçiriləcək.