A–
Bakı, 25 mart, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-dən 4-dək III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək ekran əsərlərini təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.
Festivala film qəbulu aprelin 15-dək davam edəcək. Təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyənləşdirəcək. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaq: Ölkə, region, şəhər; Mədəniyyət, ənənə; Reklam filmləri; Ekoturizm və digər turizm növləri; TV məhsul (filmlər, videoçarxlar).
Filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də milli mükafat uğrunda mübarizə aparacaq. Festivalın ən yaxşı filminə isə qran-pri mükafatı veriləcək.
Festivalda müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminar-müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və media təmsilçiləri arasında fikir mübadiləsi keçiriləcək.
BBTFF mənzil qərargahı Vyanada yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Ətraflı məlumatı www.bitff.az saytından əldə etmək olar.
AZERTAG.AZ :III Bakı Beynəlxalq Turizm Filmləri Festivalına film qəbulu davam edir