A–
Bakı, 30 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) yeni veb-saytı (http:/bpqmi.gov.az/) vətəndaşların istifadəsinə verilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sayt vasitəsilə vətəndaşlar ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, Baş İdarənin səlahiyyətlərinə aid bir sıra digər məsələlər haqqında ətraflı məlumat əldə edə bilərlər.
Saytın elektron xidmətlər bölməsi vasitəsilə Baş İdarəyə elektron qaydada müraciət etmək, həmçinin müvafiq rüsumları onlayn ödəmək də mümkündür.
Bundan əlavə, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi haqqında BPQMİ tərəfindən hazırlanmış xüsusi maarifləndirici videoçarxlar da veb-saytda yerləşdirilib. Həmin videoçarxlarda vətəndaşlara sənədlərin verilməsi proseduru vizual olaraq qısa, lakin dolğun izah edilir.
BPQMİ vətəndaşlara göstərilən xidmətin, fəaliyyətinin daha da təkmilləşdirilməsi üzərində daim çalışır. Paytaxt da daxil olmaqla respublikanın bütün bölgələrində səyyar xidmətlərin təşkilini, “SMS bildiriş” imkanının aktivləşdirilməsini, “Facebook” vasitəsilə vətəndaşlarla ünsiyyətin qurulmasını buna misal göstərmək olar.
AZERTAG.AZ :DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni veb-saytı istifadəyə verilib