Bakı. İlhamə İsabalayeva – Trend:

Gürcüstanda olan qiymətlərlə Azərbaycan hotellərində olan qiymətlər müqayisə edildikdə 5 ulduzlu hotel seqmentində Bakıda olan brend hotellərin qiymətləri Gürcüstandan 3-4 dəfə, 4 ulduzlu hotel seqmentində isə 2 dəfə ucuzdur. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, xarici valyuta ilə müqayisədə Azərbaycanda turizm xidmətinin qiymətləri daha cəlbedicidir: “Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan hotellərində olan qiymətlər müqayisə edildikdə müəyyən edildi ki, 5 ulduzlu seqmentdə Bakıda olan brend hotellərin qiymətləri 3-4 dəfə, 4 ulduzlu seqmentdə 2 dəfə ucuzdur. Azərbaycanda bu sahədə problem 2-3 ulduzlu hotellərin sayının az olmasıdır. Çünki təklif çox zəifdir”.

N.Səmədov deyib ki, Azərbaycanda indiyə kimi 2-3 ulduzlu hotellərin tikilməsinə holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər: “Onlara bu sahə o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya çox ulduzlu hotellərlə müqayisədə daha tez geri qaytarılr. Ona görə az ulduzlu hotellərin tikintisi sahəsində çalışmaq lazımdır”.

N.Səmədov onu da qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyininin hansısa bir şirkət, hotel və ya restoranın qiymətini aşağı salması səlahiyyəti yoxdur. Çünki Azərbaycanda bu sahədə sərbəst bazar şəraiti mövcuddur: “Qiyməti yuxarı olan restorana gələn müştəri ikinci dəfə ora üz tutmaz. Bu da təbii ki, biznes itirməsi deməkdir. Yəni biznesi itirən restoran və ya hotel qiymətlərin yuxarı olmasını düşünməlidir”.

Bizi Twitter-dən izləyin: @trend_az