Bakı, 19 fevral, Salehə Əliyeva, AzərTAc
Qafqaz Müsəlmanları İdarəsində Gürcüstan Kilsəsi Yeparxiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinə Gürcüstan Patriarxının xarici əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidze rəhbərlik edib.
AzərTAc xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqları səmimi salamlayıb. O, Gürcüstana sonuncu səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşləri xatırlayıb, səmimi qəbula və Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə təltif edildiyinə görə bir daha təşəkkürünü bildirib.
A.Paşazadə deyib: “Bizi çox şey birləşdirir. Gürcüstanda bizim çoxlu həmvətənimiz yaşayır. Bizim əsas vəzifəmiz Qafqazda sülhü təmin etməkdir”
Gerasim Şaraşenidze səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edib ki, şeyxülislam Allahşükür Paşazadə və Gürcüstan Patriarxı II İlyanın arasındakı münasibətlər konfessiya rəhbərlərinin bir-birinə yüksək səviyyədə hörmətlərinə nümunədir. Qonaq regionda sülhün möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Gürcüstan nümayəndə heyətinin başçısı beynəlxalq konfransda iştiraka dair II İlyanın dəvətnaməsini A.Paşazadəyə çatdırıb. Dinlərin dialoquna, qlobal problemlərin həllində dini dəyərlərin roluna həsк olunan beynəlxalq konfrans yaxın vaxtlarda Tbilisidə keçiriləcək.
G.Şaraşenidze sonda A.Paşazadəyə müraciətlə deyib: “Gürcüstan Yeparxiyasının Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi konfrans dinlər və millətlər arasında münasibətləri necə qurmaq lazım olduğunu bir daha göstərəcək. Bugünkü narahat dünyada bu, çox vacibdir. Sizi dünyada yüksək qiymətləndirirlər, sizin həmçinin belə konfransların təşkilində böyük təcrübəniz var”.
Qafqaz Müsəlmanları İdarəsinin başçısı A.Paşazadə bildirib ki, Prezident İlham Əliyev Gürcüstan Patriarxı II İlianın fəaliyyətini yüksək qiymətləndirir və onun bu təşəbbüsünü dəstəkləyib.
Görüşdə birgə konfransın təşkili məsələləri müzakirə edilib.