Aprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən döyüş toqquşmasından sonra Dağlıq Qarabağda yaşayan ermənilər işğal altında olan əraziləri tərk etməyə başlayıblar. ANS PRESS-in məlumatına görə, erməni və rus mətbuatı əhalinin cəbhə xəttinin atəş tutmayan ərazilərinə qaçdıqlarını yazırlar.

Ermənistan Dağlıq Qarabağ əhalisini girov saxlayır

"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”

Ötən gün erməni jurnalist Şaqen Nazaryan Rusiyanın “Komsomolskaya Pravda”qəzetinə müsahibə verərkən bildirib ki, mülki əhali tələsik evlərini tərk edir. Həmçinin işğal olunmuş bəzi ərazilərdən yayılan foto və videolarda əhalinin həyəcan içərisində olduğu görünür. Ermənistanın "Epress.am" saytının müxbiri cəbhə bölgəsindəki kəndlərdə yaşayan sakinlərlə əlaqə saxlayıb. Sakinlər isə gecə ərzində atışmanın davam etdiyini, yaralanan insanlarla bağlı hökumətə məlumat verildiyini bildiriblər. Onlar həmçinin öz güclərinə cəbhəyanı kəndlərdən uzağa getməyə çalışırlar.

Hətta bəzi məlumatlarda bildirilir ki, Dağlıq Qarabağı o qədər əhali tərk edir ki, Laçın dəhlizində avtomobil tıxacı yaranıb. Həmçinin “Azadlıq” radiosunun Ermənistan bürosu Ağdərə rayonunda bütün kəndlərin boşaldıldığını açıqlayıb. Həmin əhali Dağlıq Qarabağa Ermənistan rəhbərliyinin uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində köçürülüblər. Onların əksəriyyəti Dağlıq Qarabağdakı yaşayış şəraitindən daima narazılıq ediblər.

İşğal altında olan Ağdərə rayonunun boşaldılması ilə bağlı video

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlar girov vəziyyətindədirlər. Millət vəkili ermənilərin Azərbaycan ordusunun hərbi əməliyyatlarından qorxuya düşüb canlarını qurtarmağa çalışdıqlarını bildirdi. “Ermənistan ordusu onları girov saxlayır. Ona görə də ermənilərin Azərbaycan ərazilərini tərk etməsi təbiidir. Onlar Ermənistanın əvvəldən planlaşdırılmış işğal siyasətinin qurbanıdırlar. Azərbaycan ordusu sübut etdi ki, torpaqlarını işğaldan azad edə bilər”, - deyə millət vəkili bildirdi.

Fərəc Quliyev bildirdi ki, Dağlıq Qarabağı tərk edənlər ora sonradan köçürülən ermənilərdir. “Biz Dağlıq Qarabağda yaşayan Azərbaycan ermənilərini heç vaxt oradan çıxarmaq fikrində olmamışıq. Bu gündə Azərbaycanda ermənilərlə yanaşı müxtəlif etnoslar yaşayır. Amma heç bir xalqa qarşı ayrıseçkilik göstərilmir. İşğalçılar oranı tərk etdikdən sonra biz ermənilərə dinc formada yaşayacaqları ilə bağlı təminat verəcəyik. Onların hüquqlarını pozan yalnız Ermənistan rəhbərliyidir”, - deyə Fərəc Quliyev qeyd etdi.

Fərəc Quliyev - millət vəkili
Fərəc Quliyev - millət vəkili

O əlavə etdi ki, beynəlxalq təşkilatlar Azərbaycana münaqişəni dinc yolla həll etməyi təklif edir. “Rəsmi Bakı bu təkliflərə razılıq bildirir. Amma bu, dinc yolla baş tutmayacağı təqdirdə Azərbaycan həm beynəlxalq konvensiyalara görə, həm də konstitusiyaya görə, hərbi əməliyyatları həyata keçirməlidir”, - deyə millət vəkili qeyd etdi.

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Ermənistan Dağlıq Qarabağ əhalisini girov saxlayır

Ermənilərin komanda-qərargah məntəqəsi darmadağın edildi

Nəticədə Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Dağlıq Qarabağdakı ermənilər təşviş içində
Dağlıq Qarabağdakı ermənilər təşviş içində

Aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edib.

Cəbhə xəttində baş verən gərginlikdən sonra BMT, Avropa Şurası, NATO və digər nüfuzlu təşkilatlar, həmçinin ABŞ, Rusiya, Fransa, İran kimi güclü dövlətlər tərəfləri atəşi kəsməyə çağırdı. Amma cəbhədə hələ də döyüşlərin davam etdiyi bildirilir. Gərginliyin davam etməsi isə erməni əhalinin Dağlıq Qarabağı hələ də tərk etdiyini deməyə əsas verir. Verilən məlumatlara görə, cəbhəyə yaxın ərazilərdə polislərdən və hərbçilərdən başqa heç kim qalmayıb. Yəqin ki, ordumuz irəlilədikcə işğalçılar Azərbaycan torpaqlarını tamamilə tərk edəcək.

Gərginliyin yaşandığı ərazilər (qırmızı dairə ilə işarələnib)
Gərginliyin yaşandığı ərazilər (qırmızı dairə ilə işarələnib)