A+
A–

Berlin, 5 aprel, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar Almaniyanın Kansleri Angela Merkelə məktub ünvanlayıb.
Məktubda AAK Azərbaycanın işğal olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı dərin narahatlıq ifadə edib. Etiraz məktubunda qeyd edilib ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlanması üçün təxribat əməlləri törədiblər. Bu təxribat nəticəsində Azərbaycan əsgərləri ilə yanaşı, dinc sakinlər də qətlə yetirilib.
Məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair tarixi və statistik məlumat verilərək, bu münaqişənin həll olunmasının bütün regionun inkişafı üçün önəmi qeyd edilib.
Məktubda Angela Merkelin münaqişələrlə bağlı ədalət tələb etməsi, ölkələrin təcavüzə məruz qalmasına dair prinsipial mövqe nümayiş etdirməsi və işğalı pisləməsi xatırladılıb. Eyni zamanda ona belə bir sual verilib: “Bəs niyə azərbaycanlılar istisnadır, niyə azərbaycanlıların taleyinə biganəlik göstərirsiniz?”
Məktubda, həmçinin Xocalı faciəsi haqqında faktlar öz əksini tapıb. AAK bildirir ki, Ermənistandan işğalçı siyasətini dayandırması tələb olunmalı, o, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırılmalıdır.
Məktubda Almaniya Kansleri Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirməyə çağırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
AZERTAG.AZ :Avropa Azərbaycanlıları Konqresi Almaniya Kanslerinə məktub ünvanlayıb