Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündə üçtərəfli əməkdaşlıq məsələləri, bir sıra regional layihələr, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi məsələsi müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
E.Məmmədyarov aprelin 20-də Azərbaycan və İran tərəflərinin Astara (Azərbaycan) - Astara (İran) sərhəd körpüsünün tikintisi ilə əlaqədar görüş keçirəcəklərini qeyd edib. Tikinti işlərinin ilin sonuna başa çatdırılacağı gözlənilir.
Azərbaycanın XİN başçısı görüşdə, həmçinin narkotrafiklə, qaçaqmalçılıqla mübarizə məsələlərinin müzakirə edildiyini vurğulayıb. Onun sözlərinə görə, eyni zamanda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələ də müzakirə mövzusu olub.