"Real"ın uelsli ulduzu Qaret Beyl UEFA-nın saytı ilə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən müsahibəni təqdim edir.

- "Real Madrid"ə 2013-cü ilin yayında transfer olunmusan. Bura qədər klubdakı karyeranı necə ifadə edərdin?

- Mənim üçün möhtəşəm təcrübə oldu. "Real" yüksək hədəfləri olan böyük klubdur. Bura gələndən sonra 4 titul qazanmışıq. Futbolçular daha artığını istəyir. 3 il müddətində bir sıra uğurlar oldu. Düşünürəm ki, topla rəftarımı inkişaf etdirirəm. Premyer Liqada hücumameyilli, La Liqada isə topa nəzarət edilən oyuna üstünlük verilir. Bu baxımdan və son zərbəni vurmaqda irəliləyiş görürəm.

- İlk mövsümdə "Real"a 10-cu Çempionlar Liqası zəfərini qazanmaqda kömək etdin. Bu, necə bir hissdir?

- Xatırlayıram ki, kluba gələndə prezident məni "La Decima" üçün transfer etdiklərini demişdi. "Real"a keçməyimin ən əsas səbəbi Çempionlar Liqasında oynamaq və qalib gəlmək idi. Buna ilk mövsümümdə nail olmaq xüsusi bir şey idi. Kuboku qazanandan sonra baş verənlər inanılmaz idi. Bu, unutmayacağım təcrübələrdən biridir.

- 2014-cü ilin finalında "Atletico"nun qapısına vurduğun qolu karyeranda ən əsas məqam sayırsan?

- Bəli. Top bir müddət havadan qalandan sonra onunla səliqləli rəftar etmək istəyirdim. Birdən baxdım ki, topu tora qovuşdurmuşam.

- Çempionlar Liqası kubokuna sahib çıxmaq tunirə yanaşma tərzini dəyişdirmədi?

- Mükafatın dərəcəsindən və onu daha öncə qazanmağından asılı olmayaraq bu mükafata sahib çıxmaq istəyirsən. Çempionlar Liqasında hər oyuna qələbə üçün çıxıb kuboku yenə qazanmaq istəyirik.

- "Real"da sənə olan gözləntilərə necə yanaşırsan?

- Şübhəsiz, insanlar transfer qiymətinə və s. məsələlərə görə məndən çox şey gözləyir. Amma mən sadəcə hər gün məşqlərə və çıxdığım oyunlara fikrimi cəmləşdirməyə çalışıram.

- Mövsüm ərzində zədələrin oldu. Optimal formanı bərpa etdiyin indiki halda planların nədir?

- Bunlar insanı biraz narahat edir. Xüsusilə yaxşı oynayanda formama təsir edən yüngül zədələr aldım. Çempionatda zirvədən xal fərqimiz çox deyil. Sona qədər mübarizə aparacağıq. Hər oyunda yüksək səviyyədə çıxış etmək istəyirik.

Milli.Az