İNSAN çığırtısı...

İNSAN çığırtısı...
16:49 20 Fevral 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

 

Hər dəfə yazdığını oxuyandan sonra əməlli başlı lənətlədiyim biri idi o. Yazısına da... layihəsinə də... ikimizin də, türk demiş, əkmək təknəsi olsa belə, çalışdığı yerə də lənət oxuduğum olurdu. Məni tanıyanlar bilir, insanlığın faciəsini danışmaqla ruhumu dondurmaq çox asandır. Həmin yazıları oxumaq da olmurdu...oxumamaq da. Və indi o yazıları kitab kimi evimə aparmalı olacağam. İki yüz otuz altı səhifəlik həmin kitabı aparacağam ki, hər axşam...yox hər səhər...bəlkə günorta?!... Amma gəl ki, o hekayələri oxumaq üçün günün hansı vaxtının olmasının əhəmiyyəti yoxdur. Çünki lap günün günorta çağı oxuyası olsan belə, dəhşəti, qorxunu, faciəni yaşamalı, qısılmağa künc axtarmalı olacaqsan. Necəsə, günün hansı hissəsindəsə üç övladıma heç olmasa bir səhifəsini oxumağa vaxt tapmalıyam o kitabın. Tapacam da.

 

Amma Müşfiqi heç unutmayacağam. Məndən bir sıra öndə əyləşmişdi. Öncə diqqətimi çiyinlərinin tez-tez qalxıb enməsi çəkdi. Sonra ondan bir sıra arxada oturan, qulağına eşitmə cihazı taxan cavan oğlanın əlini tez-tez onun çiyninə qoymasına diqqət kəsildim. Az diqqət yetirəndə anladım ki,  bu, o şəkildəki oğlandır - Vüsalənin, Vüsalə Məmmədovanın Lent.az-dakı “Əsir düşərgəsi”nin qəhrəmanlarından biri Müşfiq. Adam ağlayırdı. Azacıq yana əyilib diqqət elədim. Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı,  MM-in Komitə sədrli Hadı Rəcəbli və digər millət vəkilləri, qurum rəhbərləri danışdıqca o adam eləcə hıçqırırdı. Onda anladım ki, ruhu zədəli və bilərəkdən məhv edilmiş insanları heç nə maraqlandırmaz. Daha doğrusu, onlar anlayarlar ki, bütün danışılanlar və deyilənlər onlar haqdadır. Təbii ki, bu üzdən onlara da maraqlı olmalıdır. Ancaq maraqlı deyil. Ya da onlar bunu ifadə edə bilmirlər. Çünki hələ o illəri, qaldıqları illəri, yaşadıqları faciələri yaşayıb bitirə bilməyiblər. Və bəlkə də o yaşananların adı faciə də deyil, ayrı bir şeydir, sadəcə əlifbada hərf, dildə söz yoxdur ki, onu ifadə edəsən... O üzdən bu gün artıq yaşa dolan Müşfiq hələ on dörd yaşındadır. Hələ də “əsir düşərgəsi”ndədir. Hekayəsi yazılan kitab, o kitab haqda danışan mötəbər adamlar, əyləşdiyi geniş, işıqlı, isti, səliqəli salon isə onun on dörd yaşında əsirlikdə gördüyü şirin yuxularındandır bəlkə də.  Adam gördüyü şirin yuxunun təsirindən hıçqırır yəqin.. Axı yuxuda tez-tez xoşbəxt oluruq hamımız...

 

Bir də əlinin ardıyca tez-tez gözlərini silirdi. Bu, instinktiv idi. Hıçqırırsansa, deməli, ağlayırsan, ağlayırsansa, deməli, gözündən yaş axır, gözündən yaş axırsa, əlini uzadıb o yaşı silməlisən. O məhz belə edirdi. Əlini uzadıb gözlərini silirdi. Amma gözlərində yaş yox idi. Eləcə hıçqırırdı. İçində hıçqırmağı öyrənmək alayı cür faciədir. Müşfiqlər təkcə bununla bitmədilər. Onlar  dəhşətli ifadələr sırasına daha birini gətirdilər: gözündəki yaşı ağlayıb bitirmək. Və mən artıq tibb mütəxəssislərinin “insan gözündən yaş gəlməzsə, o kordur " izahına da inanmıram bundan sonra...

 

 

On dörd yaşı olan yeniyetmə. Hə, o məhz elə ağlayırdı. Böyümədi. Böyüməyə qoymadılar. Sadəcə yaşa doldu, cismən böyüdü. Ruhu zorlandı, həyatı çalındı onun kimi onlarla insanın. Canlı tarixi fakta çevrildilər. İndi onlar sadəcə insanı oynayırlar. Ruhu yox olmuş bütün insanlar insanı oynayırlar demək. Ruhlarını qaytara bilməsək də, insanlığın məhvinə etiraz kimi hıçqırıqlarını, çığırtılarını bütün dünyaya yayaq gərək...

 

Bir də elə çığırtılar var ki, səslərin içində itib-batır. Elə Müşfiqin səsi kimi. Amma biz onları seçib və ayırıb eşitməyə məhkumlarıq. Məncə, təkcə bu məhkumluğa görə özünü azərbaycanlı sayan hər kəs “Cəhənnəmdəki böyük çığırtı”ları eşitməlidir. Mən artıq eşidirəm. Siz eşitmirsiniz? Diqqətlə qulaq asın...Adamın lap qulağı batır ki...

 

Özümüz eşidib bitirə bilsək, bir gün o çığırtılar dünyanın da qulağını batıracaq, ya da batmış qulağını açacaq qədər güclü edə biləcəyik! Çünki bu, dinə, irqə, millətlərə bölünməsi mümkün olmayan İNSANlığın, İNSANIN çığırtısı olacaq!..


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR