"Az qala şair olmuşdum" - FOTO

"Az qala şair olmuşdum" - FOTO
17:37 20 Fevral 2015
343 Sosial
Ölkə mətbuatı
A- A+

Akademik İsa Həbibbəyli: “İndi də bir gün yazmasam, xəstələnər, oxumasam, ölərəm”
Arpa çayının qəlbində və həyatında böyük yer tutduğunu deyir. Bu çayı həyatının rəmzi, torpaq, kənd duyğusunun, vətən hissinin nümunəsi sayır. Düşünür ki, ədəbiyyata marağının əsas qanadında Arpaçay romantikası durur. Şəxsi taleyində, həyata, insanlara baxışlarının formalaşmasında, xüsusən də ədəbiyyat düşüncəsində bu çayın böyük rolu var.

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik, millət vəkili, 16 il Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəylidir. Həmsöhbətimiz uşaqlığından və gəncliyindən o qədər maraqla danışdı ki, biz də İsa müəllimlə birlikdə o illərə gedib çıxdıq...

“Arpa çayı ruhumda böyük yer tutur”

İ.Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olub. Uşaqlığı nağıllı, əfsanəli Arpaçayın ətrafında yerləşən bu kənddə keçib: “Uşaqlığım Arpaçayda üzməklə keçib. Dağ çayı ilə dənizdə çimmək fərqlidir. Dağ çayı yuxarıdan aşağı axır və orada müvazinəti saxlamaq çətindir. Dostlarımla birlikdə nəinki çayın axını istiqamətində üzür, hətta axına qarşı üzməyi sevərdik. Həmişə evimizdə Arpaçayın nəriltisi gəlirdi. Biz Arpa çayının səsi ilə yatar, onun səsi ilə də oyanardıq. Buna görə də Arpa çayı mənim ruhumda böyük bir yer tutur”.

“Sevirəm, a məktəb, məni yüksəlt”

Həmsöhbətimiz atası ilə bağlı maraqlı xatirələrini də bizimlə bölüşdü: “Böyük Vətən Müharibəsinin iştirakçısı olan atam ibtidai sinif müəllimi idi. Eyni zamanda yuxarı siniflərdə nəğmə və əmək təlimi dərsini də keçirdi. Atamda çox dərin elm, maarif yanğısı var idi. 7 qardaş, 1 bacı idik. Atam bu böyük ailəni təkbaşına saxlayardı. Bir neçə ay bizə də nəğmə dərsi demişdi. Bəy nəslindən olan atamın Cahandar ağa tipində çox sərt xasiyyəti var idi. Onun zümzümə etməsini heç kim eşitməmişdi. Bir-iki dəfə, xüsusən, bağçada təkbaşına işləyəndə kənardan eşitdiyim zümzüməsinə görə atamın özünəməxsus səsə malik olduğunu hiss etmişdim. Nəğmədən dərs deməsinə baxmayaraq, hər vaxt dərsdə oxumağa həvəsləndirməklə kifayətlənərdi. Gözəl səsləri olan sinif yoldaşlarım Zeynəb və Nazilə o vaxt məşhur olan “Sevirəm, a məktəb” mahnısını çox məharətlə ifa edirdilər. Bir dəfə atam onların gözəl ifasından təsirlənərək sinifdə özü də oxudu. O mahnı indiki kimi qulağımdadır və o, sonrakı həyatımın fəlsəfəsinə çevrildi. Sözləri belə idi:

Bir çiçəyəm sosializmin bağında,
Hər cür çiçək vardır sağ və solumda.
Ölürəm, a məktəb, məni yüksəlt, məni,
Sevirəm, a məktəb, məni yüksəlt, məni.

Yəni sosializmin bağında 100 çiçək olsa da, içərisindən elm-maarif çiçəyini sevərək məni yüksəlt. Atam onu elə təşnəli şəkildə ifa etdi ki, o çağırış bu günə qədər mənim qulağımdadır. Atamın tövsiyəsinə əsasən, bizim ailədə hər kəsin ilk və ən böyük vəzifəsi oxumaq, öyrənmək idi. Buna görə də həm biz - övladları, həm də atamın nəvələri oxumağı, təhsil almağı hər şeydən üstün tutdular”.

“Əli qabarlı, düyünlü atam”

İsa Həbibbəyli səkkiz uşağı saxlamaq üçün atasının yalnız müəllimliklə kifayətlənmədiyini deyir: “Atam həm də öz bağçamızın mükəmməl bağbanı idi. Dərsdən sonra böyük həyətyanı sahəmizdə bağban kimi çalışırdı. Bağımızda yazdan qışa qədər yetişən hər cür meyvə ağacı var. Atam bizi də zəhmətə alışdırmışdı. Qardaşlarımla hər birimizin kərəntisi, dırmığı, bel-kürəyi var idi. Təsərrüfat işində atama kömək edir, bağçamızın barından istifadə edib minnətsiz yaşayırdıq. Müəllim olmasına baxmayaraq, atamın əlində düyün (qabarın üstündə yaranan qabar – İ.H.) var idi. Biz böyüyüb iş-güc sahibi olanda, ha elədik ki, atam həyət-bacada işləməkdən əl çəksin, amma o, dünyasını dəyişənə qədər əlidüyünlü yaşadı. Maarifçilik, zəhmətkeşlik və şəxsiyyətin bütövlüyü atamdan bizə, atama da bəy babalarından qalan mirasdır”.

“Döyülürdük, amma yenə Arpaçaydan əl çəkmirdik”

Uşaqlıq xatirələrindən danışan akademikin sözlərinə görə, uşaqlıqda bir az dəcəl olub: “Müəllim ailəsində böyüyən uşaqlar çox dəcəl ola bilməzlər. Mənim dəcəlliyimi romantika adlandırmaq daha doğru olardı. Yayda yaylağa gedərdik. Kəndimizlə yaylaq arasındakı məsafə 30 km-dən çox idi. O yolun yarısından çoxunu, xüsusən dağdan arana qayıdanda valideynlərimdən xəbərsiz bir uşaqlıq dostumla piyada gedərdik. Bəzən evdəkilər məndən xəbərsiz intizarda qalırdılar. Uşaq vaxtı bunun fərqinə varmırdım, hətta gecələr uzun yolları piyada getdiyim vaxtlar da olurdu. İndi fikirləşirəm ki, valideynlərim, bibim mənə görə çox həyəcan keçirirmişlər”.

Bir az romantik, öz fantaziyasına uyğun işlərlə məşğul olan həmsöhbətimizin valideynləri tərəfindən döyüldüyü vaxtlar da olub: “Aprelin sonu, mayın əvvəli Arpaçayın ən gur axan vaxtı idi. Çay qarama kimi gəlirdi. Həmin vaxt dəfələrlə çayda boğulub dünyasını dəyişənlər olmuşdu. Buna görə valideynlər uşaqlarına həmin vaxtlarda çayda çimməyi tövsiyə etmirdilər. Amma bir neçə uşaqlıq dostumla birgə məhz Arpaçayın daşaraq ağacları yıxıb gətirdiyi vaxt çayın bu tayından o tayına üzüb qarşı sahilə çıxardıq. Suyun rəngi o qədər qara olurdu ki, evdə çayda çimdiyimizi gizlətmək mümkün deyildi. Hər il danlansaq da, döyülsək də, mütləq Arpaçayın coşub-daşdığı vaxt çimirdik. Bu, Arpaçaya ürəkdən bağlı olmağımızın əlamətləri idi”.

“Atam bunları bizə bağışlamazdı”

Uşaqlıq, yeniyetməlik dövründə müsahibimizin dərinliyi cəmi iki metr olan sevdiyi çaya kəllə vurmağı da var imiş: “Kəndin iki tərəfinin gediş-gəlişini təmin etmək üçün Arpaçayın üzərində dəmir körpü salmışdılar. Körpüdən çaya 10 metr məsafə var idi. Çox az uşaq körpüdən özünü çaya ata bilirdi. Çayın dərinliyi uzağı iki metr olduğundan maili düşməli idin ki, düşən kimi üzəsən. Əks təqdirdə, başın bədənindən ayrıla bilərdi. Kəndimizdə cəmi 5-6 nəfər bunu bacarırdı. Onlardan biri də mən idim. Bu hərəkətimin üstündə həmişə danlanardım. Qeyd edim ki, bizim evdə möhkəm qayda-qanun hökm sürürdü. Sərt xasiyyəti olan atam belə şeylərin heç birini bizə bağışlamırdı. Amma Arpaçaya çox bağlı olduğum və yoldaşlarımı tək qoymamaq üçün çox vaxt bunu edirdim. Atamın həmin vaxtlarda verdiyi öyüd-nəsihət və cəza formalaşmağımda böyük rol oynayıb. Atam mənə yalnız dərslərimi yaxşı oxuduğuma görə güzəşt edirdi”.

Yüksəklikdən suya tullanmağı son dəfə 2003-cü ildə Maltada olarkən səyahət gəmisinin dor ağacından dənizə tullanmaqla gerçəkləşdirib: “Yəqin bu, axırıncıdır. Lakin, gəzdiyim-gördüyüm ölkələrin ətrafında çay, yaxud dəniz olubsa, heç şübhə yoxdur ki, mən orada üzmüşəm. Cəmi bir dəfə Cənubi Koreyada olan vaxt mənə Sakit okeanda üzmək qismət olub. Etiraf edim ki, mənimçün heç bir çay və dəniz, hətta okean da Arpaçayın yerini verə bilməyib”.

4-cü sinifdə ədəbiyyatçı olmaq arzusu

Ədəbiyyatçı olmağına dördüncü sinifdə oxuyanda qərar verən İsa Həbibbəyli bunda iki böyük amilin rol oynadığını deyir: “Bunlardan biri müəllimim Arpaçay və onu əhatə edən dağlar idi, digəri isə dayımın kitabxanası. Dayım kəndimizdə ədəbiyyat dərsi deyirdi. Onun kitabxanasından götürüb oxuduğum ilk əsər Mirzə İbrahimovun “Gələcək gün” romanı idi. Baxmayaraq ki, dördüncü sinfin yaş xüsusiyyətlərinə uyğun deyildi, ədəbiyyata gəlməyimdə böyük rol oynadı. Sonra kənd klubunun tərkibindəki kitabxanadan Puşkinin “Ruslan və Lyudmila” əsərini götürüb oxudum. Yayda yaylağa gedəndə isə “Koroğlu” dastanını da özümlə apardım. Onu da deyim ki, “Koroğlu” dastanını sonradan dəfələrlə, hətta indinin özündə də oxumuşam. Amma dördüncü sinifdə yaylaqda oxuyaraq aldığım təəssüratdan daha çox təsirlənmişəm. İndi şəxsi kitabxanamda 21 mindən çox kitab var”.

Şairlikdən saxlayan hadisə

Beləcə, dördüncü sinifdə ədəbiyyatçı olmağa qərar verən həmsöhbətimiz 13 yaşından bütün ədəbiyyatçı olmaq istəyənlər kimi cızmaqara şeirlər yazmağa başlayır. Şeirlərini hələ də saxladığını deyir. Hətta şeirləri respublika və rayon qəzetlərində çıxmağa başlayır. Arpaçay haqqında yazdığı mənsur şeirini “Kommunist” qəzetində çap edirlər: “Az qala şair olmuşdum. Çox təsadüfi bir hadisə məni şair olmaqdan saxladı. Üçüncü kursda oxuyurdum. Elm günlərinin keçirilməsi münasibətilə Bakıdan universitetimizə tələbələrlə görüşmək üçün alimlər gəlmişdi. Gələn heyətin içərisində akademik Məmmədcəfər Cəfərov da var idi. Nitqi zəif olan Məmmədcəfər müəllim məruzəsini üzündən oxuyurdu. Buna baxmayaraq, sənətkar və zaman mövzusunu əhatə edən məruzə məni çox cəlb etdi. Bir neçə sovet yazıçısı haqqında heç bir ədəbiyyatda olmayan məlumatlar verdi. Başa düşdüm ki, zamanı qabağa aparmaq üçün sənətkarın böyük rolu, missiyası, ümummilli vəzifəsi var və əsl sənətkarlar bu yolda ciddi fəlakətlərə hazır olublar. Anladım ki, tədqiqatçıların çoxu belə şeyləri yazıb oxuculara çatdırmayıb. Zaman və sənətkar məsələlərini dərindən izah etmək yeni tipli bir ədəbiyyatçı tələb edir. Mən Məmmədcəfər müəllimin həmin məruzəsindən sonra qəti qərara gəldim ki, şeir yazmaqla yox, elmi fəaliyyətlə məşğul olacağam. Siqaret çəkməyi tərgitmək nə qədər çətindirsə, şeir yazmağı tərgitmək də bir o qədər çətin olur. Amma mən bunu bacardım. Akademik Məmmədcəfər Cəfərov mənim elmdə idealıma çevrildi. O, sonradan mənə dərs dedi. Bu gün də özümü onun tələbəsi hesab edirəm. Məmmədcəfər müəllimdən başqa iki böyük alimi də müəllim səviyyəsində qəbul etmişəm. Onlardan biri Aristotel, digəri Belinskidir. Mən Aristotelin “Poetika”sını və Belinskinin “Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi” əsərini az qala şeir kimi əzbər öyrənmişdim.
Əlbəttə, uzun illərdir, ciddi elmlə məşğulam. Amma arabir “sandıq ədəbiyyatını” zənginləşdirməli oluram. Ədəbiyyatçı olub şeir yazmaqdan tam xilas olmaq çətindir, bəlkə də lazım deyil. Ancaq hansı sahəyə - elmə, yoxsa şeir yazmağa nə qədər üstünlük vermək ən vacib məsələdir. Məndə ədəbiyyatşünaslıq qalib gəldi”.

“Yataqxana universitet içində universitetdir”

Qeyd edək ki, İsa Həbibbəyli Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsində təhsil alıb və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəliyinin böyük bir hissəsini yataqxanada qaldığını deyən müsahibimiz yataqxana həyatının çox maraqlı keçdiyindən danışdı: “Uzun illər Naxçıvan Dövlət Universitetində rektor işləmişəm. O zaman bir daha bu qərara gəldim ki, yataqxana universitet içində universitetdir. Tələbə olanda da bu fikirdə idim, rektor olandan sonra bu fikrimi qətiləşdirdim. Kirayədə 2-3 nəfərlə qalıb ali məktəbi əla qiymətlərlə qurtaranla, yataqxanada yaşayanın dünyagörüşü arasında çox fərq var. Dərsdən sonrakı həyatın özü mükəmməl bir mühitdir. Bu mühit universitet biliyini daha da dərinləşdirir və zənginləşdirir. Çünki yataqxanada müxtəlif fakültələrdə təhsil alan tələbələrlə bir yerdə qalır, həm humanitar, həm də texniki sahəylə bağlı biliklər əldə edirsən. Eyni zamanda, yataqxananın insanı gələcəyə hazırlayan daxili dünyası var. Bu səbəbdən yataqxananı universitet içində universitet kimi dəyərləndirirəm”.

“Sən oxu, biz xörək bişirərik”

Tələbəlikdə qaldığı kiçik yataqxanada mükəmməl bir həyatın olduğunu düşünür. Amma digər tələbələrdən fərqli olaraq yaxşı xörək bişirməyi bacarmayıb: “Həddindən çox çalışır və yaxşı oxuyurdum. Mənimlə birlikdə qalan tələbə yoldaşlarım deyirdilər “sən oxu, biz xörək bişirərik”. Bu səbəbdən mən nəinki yaxşı xörək bişirməyi, heç kartof qızartmağı da bacarmırdım. Bişirdiklərimi tələbə yoldaşlarım yeyə bilmirdi. Əlimdən yalnız yumurtanı yağa salmaq gəlirdi”.
Yemək bişirməyi bacarmasa da, kartof haqqında şeir yazaraq otaq yoldaşlarının könlünü alıb: “Şövkət Ələkbərovanın oxuduğu “Dərələr” mahnısının sözlərini dəyişərək kartoflar haqqında bir şeir yazdım.
Düzülər qatar-qatar,
Girib qazanda yatar,
Kim yesə dada çatar,
Kartoflar, kartoflar, kartoflar.
Süfrə arxasında bunu tələbə yoldaşlarımızdan biri solo oxuyar, qalanları “kartoflar” hissəsini xorla deyərdilər. Həmin mahnı bəlkə də mənim eşitdiyim ən yaxşı xor idi. Tələbəlik dostlarıma çox minnətdaram”.

“Ay köhnə pencəyim”

Tələbə vaxtı yazdığı və yadında qalan şeirlərdən birini öz pencəyinə həsr edib. “Ay köhnə pencəyim” adlı şeirinin maraqlı tarixçəsi var: “Dərslərimdən həmişə “5” qiymət alırdım. İnstitutun tələbə mühitində nüfuzum var idi, seçilən tələbələrdən idim. Bir dəfə atamı tanıyan, evimizə gəlib-gedən müəllimlərdən birinin ərkyana münasibətinin universitetin həyətində 3-4 tələbə yoldaşlarımın yanında məni çətin vəziyyətə saldığını xatırlayıram. Pencəyimin sağ qolu dirsəkdən sökülmüşdü. Həmin müəllim tələbə yoldaşlarımın yanında pencəyimin sökülən yerini göstərdi və dedi ki, atana deyəcəyəm ki, sənə təzə pencək alsın. Mən bu anı çox çətin yaşadım, gözlərim yaşardı. Müəllimə heç bir cavab verə bilmədim. Qaldığım yataqxana universitetdən 50-60 metr aralıda idi. Qaça-qaça yataqxanaya gəlib yastığı qucaqlayıb isladana kimi ağladım. Sonra pencək haqqında bir şeir yazdım. 21 yaşım var idi. Şeir indiki kimi yadımdadır:

Təzəliyin sevincim, fərəhim, səbrim olub,
Ciblərin ümid kisəm, yamağın dərdim olub,
Qorusan da sən məni şaxtanın kəsərindən,
Səni geyib düşmüşəm qızların nəzərindən.

Məclislərdə dostlarım “qabaqda dur” deyəndə,
Qəlbimi qəm yeyibdir,
Kimsə səni görüb “kənara otur” deyibdir,
Tənəli baxışlardan boşalmışam, dolmuşam.
Qəlbim zəngin olsa da, “kasıb oğlan” olmuşam”...

Senzuradan necə yayınır?

Bu şeiri Naxçıvan televiziyasında oxumaq istəsə də, senzura icazə vermir: “Televiziyanın Ədəbi dram verilişləri şöbəsində tanış bir adam dedi ki, şeirin əvvəlində ümumi bir şey yazım, senzura 2 bəndi oxuyacaq, qalanına baxmayacaq. Mən də əvvəlində “nənəm sənə qurban, Azərbaycanım, pambıqlı çöllərim, neftli göllərim”lə başlayan bir şeir yazdım. Beləcə, senzura şeirimə qol çəkdi və Naxçıvan televiziyasında oxudum. Sonra həmin tələbə yoldaşlarımın yaşadığı zonadakı tanışlarımdan birinə zəng edib televiziyadakı çıxışımı dinləyib-dinləmədiyini soruşdum. Bildirdi ki, onlar tərəfdə işıq söndüyündən televizora baxa bilməyiblər. Çətinliklə şeirimi televiziyada oxumağıma baxmayaraq hisslərimi, mesajımı tələbə dostlarıma çatdıra bilmədim. Əynimdəki pencəyi isə anam, köhnə də olsa, hər iki qolunu eyni cür yamadı və mən geyinməyə davam etdim. Heç pencəyimin köhnə olması eynimə də olmadı. Həmişə uşaq vaxtı atamdan təhsillə, məktəblə bağlı eşitdiyim misraları içimdə yaşatdım. Oxumağı dəlicəsinə, fanatikcəsinə sevdim. Oxumaqdan bu gün də doymamışam. İndi də bir gün yazmasam xəstələnər, oxumasam ölərəm. Mütaliə baxımından bu dəqiqə də sanki tələbə həyatı yaşayıram”.

“Məktəb, məktəb deməklə Fatıya tuman olmaz”.

Akademik sonda gənclərə məsləhətini də verdi: “Müasir gəncliyə dərin və əsaslı biliklər almağı, oxuyub-öyrənməkdən doymamağı, əməkpərvər olmağı arzulayıram. Böyük Cəlil Məmmədquluzadə demiş, “məktəb, məktəb deməklə, Fatıya tuman olmaz”. Əməl də lazımdır. Əməldən böyük əməl yoxdur. İndiki gənclik aldığı bilikləri müstəqil Azərbaycanın inkişafına, azərbaycançılıq istiqamətindəki inkişafımıza həsr etməyi həyatlarının mənasına çevirməlidir”.

Kaspi.az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR