A–
Bakı, 14 aprel, G.Məlikova, AZƏRTAC
Aprelin 14-də Təhsil Nazirliyi bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün təhsil sahəsinə dair maarifləndirici təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimdə ölkənin aparıcı media qurumlarını - xəbər agentliklərini, televiziya kanallarını və qəzetləri təmsil edən 25 jurnalist iştirak edir. Təlimlərin təşkilinin əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.
Üç gün davam edəcək tədbirdə nazirliyin əməkdaşları tərəfindən media işçilərinə təhsillə bağlı aktual mövzularda məlumatlar veriləcək, müzakirələr aparılacaq.
Təlimin ilk günündə “Peşə etik norma qaydaları”, “Diaqnostik qiymətləndirmə”, “Təhsil müəssisələrinin maliyyələşdirilməsi, əmək haqlarının hesablanması”, “Dərsliklərin hazırlanması” mövzularında müzakirələr aparılıb, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikatlar veriləcək.
AZERTAG.AZ :Təhsil Nazirliyi jurnalistlər üçün maarifləndirici təlimlərə başlayıb