A–
Bakı, 14 aprel, AZƏRTAC
Depressiya və sinir pozuntularının müalicəsinə yatırılan bir ABŞ dolları sağlamlığın və əmək qabiliyyətinin yaxşılaşması sayəsində dörd dollar gəlir gətirir.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının (DST) yeni tədqiqatları isbatlayır. Depressiya və sinir pozuntuları hər il qlobal iqtisadiyyata bir trilyon dollar ziyan vurur.
1990-2013-cü illərdə depressiya və sinir pozuntularından əziyyət çəkən insanların sayı demək olar ki, 50 faiz, yəni 416 milyondan 615 milyon nəfərədək artıb. Bu, dünya əhalisinin 10 faizi deməkdir.
Yeni tədqiqatlar Dünya Bankı və Dünya Səhiyyə Təşkilatının himayəsi ilə Vaşinqtonda keçirilən ikigünlük tədbirdə iştirakçıların müzakirəsinə təqdim olunub.
DST-nin baş direktoru Marqaret Çen deyib: “Bilirik ki, depressiya və sinir pozuntularının müalicəsi böyük fayda gətirir, sağlamlığı gücləndirir və rifahın artımına yardımçı olur. Yeni tədqiqat təsdiqləyir ki, müalicə iqtisadiyyata da qazanc gətirir”.
Tədqiqatda müalicəyə qoyulan xərclər və insanların sağlamlığının yaxşılaşması baxımından nəticələrin müqayisəsi aparılıb. 36 ölkəni əhatə edən araşdırma aşağı, orta və yüksək gəlirli adamları əhatə edib. Tədqiqat 15 il davam edib. 2016-2030-cu illərdə müalicənin miqyasının genişləndirilməsinə 147 milyard dollar xərclənməlidir. Tədqiqat müəllifləri həyəcanla vurğulayırlar ki, psixi sağlamlığın mühafizəsi üzrə xidmətlərə hazırkı investisiyalar zəruri səviyyədən xeyli aşağıdır. DST-nin 2014-cü ilə aid “Psixi sağlamlıq Atlası”nda qeyd olunan məlumatlara görə, hökumətlər psixi sağlamlığın mühafizəsinə orta hesabla büdcənin səhiyyə bölməsindəki xərclərin üç faizini ayırırlar. Aşağı gəlir səviyyəsi olan ölkələrdə bu göstərici bir faizdən az, yüksək gəlirli ölkələrdə isə təxminən beş faizdir.
AZERTAG.AZ :Depressiyaların və sinir pozuntularının müalicəsinə qoyulan investisiyalar dördqat gəlir gətirir