A–
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən 200-dən artıq QHT ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciətdə vurğulanır ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri 4 mülki şəxsi qətlə yetirib, 18 mülki şəxs yaralanıb. Həlak olmuş Azərbaycan əsgərlərinin cəsədləri üzərində işgəncə, insan ləyaqətini alçaldan rəftar əlamətlərinin aşkarlanması Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarını kobudcasına pozmasını, ümumbəşəri dəyərləri növbəti dəfə riyakarcasına tapdalamasını sübut edir.
QHT-lər beynəlxalq ictimaiyyəti törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.
AZERTAG.AZ :QHT-lər Ermənistanın müharibə cinayətləri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb