A+
A–

Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını təqdim edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti İlham Namiq Kamaldır.
“Bu əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi, aktuallığıdır. Söz yox ki, hər bir valideyn övladının xoşbəxtliyini istəyir. Amma burada bir incə məqam var: bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə qır-qızılda, var-dövlətdə, imtiyaz sahibi olmaqdadır. Əlbəttə ki, bu çox yanlış bir fikirdir. Əsərin qəhrəmanı olan ana – Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O qızını varlı, malı-dövləti başından aşan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini – ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Elə əsl məzhəkə də bundan sonra başlayır...”, - deyə İlham Namiq Kamal bildirib.
Tünzalə obrazını tanınmış müğənni, Əməkdar Artist Almaz Ələsgərli ifa edəcək. Qeyd edək ki, bu yaxınlarda o, teatrda işləmək arzusu ilə Azərbaycan Dövlət Musiqili Teatrına müraciət edib. Artıq Almaz Ələsgərli Musiqili Teatrın aktrisasıdır.
“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi isə Xalq Şairi Fikrət Qocadır.
Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili və digərləri ifa edəcəklər.
AZERTAG.AZ :“Amerikalı kürəkən” Musiqili Teatrda
“Amerikalı kürəkən” Musiqili Teatrda
“Amerikalı kürəkən” Musiqili Teatrda
“Amerikalı kürəkən” Musiqili Teatrda