A+
A–

Bakı, 18 aprel, AZƏRTAC
Bakıda “2-ci tip şəkərli diabet xəstəliyinin müasir üsullarla nəzarət altına alınması” mövzusunda seminar keçirilib. Azərbaycanda fəaliyyət göstərən tibb mərkəzlərinin, özəl və dövlət xəstəxanalarının, turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan təqdimat Türkiyənin "Medicalpark" xəstəxanalar şəbəkəsinin Azərbaycandakı nümayəndəsi “Millennium Tourism & Congress DMC” tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən "Medicalpark"ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Pınar Belendir bildirib ki, təmsil etdiyi xəstəxanalar şəbəkəsinin Türkiyənin 17 şəhərində 26 xəstəxanası fəaliyyət göstərir. Onun sözlərinə görə, bu xəstəxanalarda ildə 77 min nəfər xəstə müalicə olunur. "Medicalpark"ın tibb ocaqlarında təcrübəli və bacarıqlı həkimlər çalışır. Burada xəstələrə hər cür xidmət göstərilir. Hava limanında qarşılanmadan tutmuş, hotellərdə yerləşdirilməyə qədər bütün xidmətlər xəstəxanalar tərəfindən həyata keçirilir.
"Medicalpark" xəstəxanalarında demək olar ki, bütün xəstəliklərin müalicəsi mümkündür. Xüsusilə onkoloji, kardioloji, mədə-bağırsaq, sinir sistemi xəstəlikləri, şəkərli diabetin müalicəsi, orqan və sümük iliyi köçürmələri xəstəxanalarda yüksək səviyyədə həyata keçirilir. Burada bütün orqanların nəqli gerçəkləşdirilir. Bir il ərzində 600-dən çox insana müxtəlif orqanlar köçürülür.
Sonra Tuğrul Dəmirəl İleal İnterpozisyon (şəkər əməliyyatı) ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Həkim bildirib ki, şəkərli diabet xəstəliyi 100 ildir müalicəsinə çalışılan, amma insulin vasitəsilə tənzimlənən bir xəstəlikdir: "Bu xəstəlik nəticəsində insanın qaraciyəri, böyrəkləri, mədə-bağırsaq sistemi və c. öz funksiyasını itirir".
Həkim Dünya Səhiyyə Təşkilatının bəzi hesablamalarına da diqqət çəkərək bildirib ki, hazırda Çində 92, Hindistanda 80, ABŞ-da 18, Türkiyədə 5, 5 milyon insan bu xəstəlikdən əziyyət çəkir. 2030-cu ildə yer üzündə 347 milyon insan şəkərli diabetdən müalicə alacaq.
Türkiyəli mütəxəssis daha sonra şəkər əməliyyatı barədə məlumat verərək bildirib ki, İleal İnterpozisyon (şəkər əməliyyatı) tamamilə 2-ci tip şəkər xəstəliyinin müalicəsi üçün inkişaf etdirilmiş xüsusi bir metabolik cərrahi üsuldur. Əməliyyat nəticəsində bədənin ifraz etdiyi insulin hormonunun hədəf orqan olan əzələ və qaraciyərdəki fəaliyyəti bərpa olunur.
Şəkər əməliyyatı 18-70 yaş arasındakı 2-ci tip diabetli xəstələrə tətbiq olunur. Xüsusilə şəkər xəstəliyi ilə mübarizədə çətinlik çəkən, yemək yeməyi çox sevən, həyat tərzini dəyişdirə bilməyən, getdikcə daha çox dərman istifadə etmək məcburiyyətində qalan və insulinə baxmayaraq görmə qabiliyyətinin pozulması, ürək çatışmazlığı, damar tutulması, böyrək problemi başlanğıcı kimi ağır çətinliklər yaşayan xəstələrin İleal İnterpozisyon əməliyyatına ehtiyacı var, çünki onların öz sağlamlıqlarına qovuşması üçün ən təsirli üsul məhz şəkər əməliyyatıdır.
Şəkər əməliyyatı bütün bədəndə yeni bir hormonal tarazlıq meydana gətirir. Əməliyyat olunacaq xəstələr əvvəlcə hərtərəfli müayinə olunur, bütün nəticələr gözdən keçirilir. Bu səbəbdən də bu əməliyyatla tam sağlamlığına qovuşan xəstələrin sayı 95 faiz üzərindədir. Bu xəstələr qidalanmalarında şirniyyata belə yer vermələrinə baxmayaraq, qan şəkərlərini dərmansız olaraq normal səviyyələrdə tutmağı bacarırlar.

AZERTAG.AZ :Bakıda diabet xəstəliyinin cərrahi yolla müalicəsinə dair seminar keçirilib