Bakının bir neçə iri marketləri İqtisadiyyat Nazirliyinə məktub göndərib. ANS PRESS-in məlumatına görə, məktubda market nümayəndələri Nazirlikdən ilkin tələbat mallarının, xüsusən də ət, süd, un məhsullarının, yumurta, yağ, meyvə-tərəvəz, bakliyat (düyü, mərcimək və sair) və uşaq qidalarının yerli istehsalı və bütün satış zəncirinə əlavə dəyər vergisinin (ƏDV) 0%-ə endirilməsini istəyirlər.
Bundan başqa, məktubda qeyd olunur ki, Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsindən sonra qiyməti qaldırmadan marketlərin şəbəkələrində biznesin rentabelliyini və işçi sayını qoruyub saxlamaq mümkün olmayıb.
Marketlərdən birinin marketoloq şöbəsinin direktoru Kənan Şirinov Nazirliyə məktub göndərilmə faktını alıcıların marağı baxımından atıldığını bildirdi. Onun sözlərinə görə, gündəlik tələbatı ödəmək üçün lazım olan məhsulların əlavə dəyər vergisi azaldılsa, bu həm marketlər, həm də alıcılar üçün çox əlverişli olar.
“İkinci devalvasiyadan sonra marketlərin vəziyyəti o qədər də ürəkaçan deyil. Biz də məcbur olub bəzi filiallarımızı bağlayırıq. Bu da bir neçə insanın işsiz qalması deməkdir. Əslində, bu məsələ ilə bağlı dəfələrlə Vergilər Nazirliyinə də demişik. Amma heç bir tədbir görülmədiyi üçün bu dəfə qiymətlərə nəzarət edən İqtisadiyyat Nazirliyinə məktub yazmaq qərarına gəldik. Biz istəyirik ki, bu Nazirlik bizə dəstək olsun”, - deyə market işçisi bildirdi.
Onun sözlərinə görə, məktub Nazirliyə ötən gün göndərilib və hələ ki heç bir cavab gəlməyib.

Təşəbbüslərə yardım ictimai birliyinin aparıcı mütəxəssisi Samir Əliyev marketlərin bu təşəbbüsünü dəstəklədiyini dedi. Onun sözlərinə görə, ikinci devalvasiyadan sonra bu, gözlənilən addım idi.
“Məsələ ilə bağlı artıq bir neçə marketin bağlandığını da gördük. Bunlar da ƏDV ilə bağlı idi. Qanunvericiliyə görə, dövriyyəsi 200 mindən çox olan obyektlər 6% sadələşdirilmiş vergi, dövriyyəsi 200 mindən az olan obyektlər isə 4% ƏDV ödəməlidirlər”, - deyə iqtisadçı ekspert vurğuladı.
Samir Əliyev onu da əlavə etdi ki, ƏDV-nin ləğvi yerli istehsalın stimullaşdırılmasına da səbəb ola bilər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, qurum marketlər tərəfindən məktub alan kimi dərhal operativ hərəkətə keçib. "Bu gün məktubda adı çəkilən marketlərin nümayəndələri Nazirliyə dəvət olunublar. Nazir onları şəxsən qəbul edib, onları dinləyib. Hazırda məsələ ilə bağlı araşdırma gedir", - deyə Abbas Əliyev bildirdi.