Bakı. Trend:
Ermənistanın İtaliyadakı səfiri Sarkiz Qazaryan Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginliklə bağlı İtaliya mətbuatına yalan, təxribatçı məlumatlar verərək münaqişəni "sivilizasiyalararası qarşıdurma" və dini kontekstdə təqdim etməyə çalışır, Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya terrorçu ünsürlərin döyüşməsi kimi gülünc iddialarla çıxış edir.
Məsələ ilə əlaqədər Azərbaycanın İtaliyadakı səfirliyinin yaydığı mətbuat açıqlaması İtaliyanın "Sicilia Journal" qəzetində dərc olunub (http://www.siciliajournal.it/azerbaigian-guerra-mediatica-con-larmenia/). Mətbuat açıqlamasında səfirlik erməni səfirinin öz ölkəsinin Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün başqa arqumentlər tapa bilmədiyini, ciddilik hissini itirdiyini və öz vəzifə səlahiyyətlərini aşaraq Azərbaycana qara yaxmaq üçün bütün növ təxribatlara əl atdığını qeyd etmiş, erməni səfirinin bu kimi bəyanatlarının onun Ermənistandakı hərbi diktaturanın təmsilçisi olmasından irəli gəldiyini, bu hərbi diktaturanın liderlərinin nəinki azərbaycanlı mülki şəxslərə, hətta Ermənistan vətəndaşlarına qarşı cinayətlər törətdiyini, Ermənistanın öz ərazisindən bütün etnik və dini azlıqları tərk etməyə məcbur edərək mono-etnik dövlətə çevrildiyini vurğulamışdır.
Azərbaycan səfirliyi öz açıqlamasında Ermənistanının Azərbaycanla müqayisəyə gələ bilmədiyini, ölkəmizdə müxtəlif dinlərin ahəng içində mövcudluğunu, Azərbaycanın multikulturalizm modelinin bu gün beynəlxalq ictimaiyyət üçün nümunə olduğunu, 25-27 aprel tarixlərində Azərbaycanın BMT Sivilizasiyalarası Alyansının Qlobal Forumuna ev sahibliyi edəcəyinin beynəlxalq ictimaiyyətin Azərbaycan multikulturalizm modelinə verdiyi dəyərin göstəricisi olduğunu bildirib. Azərbaycanın Müqəddəs Taxt-Tacla münasibətləri, həyata keçirilmiş və planlaşdırılan səfərlər, Heydər Əliyev Fondunun xristian mədəni irsinin bərpasına böyük töhfələr verdiyini də xatırladaraq vurğulayıb ki, məhz Azərbaycanın bu kimi uğurları erməni səfirini qıcıqlandırır və onu yalan danışmağa sövq edir.
Səfirlik əlavə edib ki, beynəlxalq humanitar hüquqa uyğun fəaliyyət göstərən Azərbaycan silahlı qüvvələrinə böhtan atmaq əvəzinə, erməni səfiri artıq öz təsdiqini tapmış ASALA erməni terrorçu təşkilatının Ermənistan silahlı qüvvələri tərəfindən döyüşməsi, bu təşkilatın dünyanın bir sıra ölkələrində terror aktları törətməsi, hərbi təcavüz zamanı azərbaycanlı mülki əhalinin xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilməsi, onlara qarşı misli görünməmiş fiziki zorakılığın tətbiq edilməsi faktlarına aydınlıq gətirsin. Səfirlik, habelə İtaliya kütləvi informasiya vasitələrini erməni tərəfinin bu kimi təxribatlarına yer verməmələri və hər hansı bir məlumatın yayılmadan öncə diqqətlə və peşəkar qaydada yoxlanılmasına çağırmışdır.
Qeyd olunan fikirlər Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin "TV2000" və "RaiNews24" kanallarına verdiyi müsahibələrdə də yer almışdır.
Erməni səfirinin bu təxribatı İtaliya ictimaiyyətində birmənalı qarşılanmamışdır. Belə ki, "Notizie Geopoltiche" onlayn qəzetinin baş redaktoru Enriko Oliari məsələyə dair erməni səfirinin fikirlərinə etiraz edərək bu fikirləri alt-üst edən dəlillərlə çıxış etmiş, Azərbaycanda dini tolerantlığın inkişaf etdiyini, dini azadlıqların qorunduğunu, Bakıda pravoslav və katolik kilsələrinin fəaliyyət göstərdiyini nümunələrlə göstərmişdir (http://www.notiziegeopolitiche.net/?p=62253).
Habelə italiyalı jurnalist Filippo Bovo "Opinione Pubblica" qəzetində məsələyə münasibət bildirərək qeyd etmişdir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsini xristian və müsəlman sivilizasiyaları arasında qarşıdurma prizmasından təqdim etməsi xristian dünyasında özünə dəstək qazanmaq məqsədini daşıyır, lakin Ermənistanın ərazi iddiaları üzərində qurulmuş bu münaiqişəyə dini don geyindirmək uğursuz cəhddir. Müəllif vurğulamışdır ki, Ermənistanının xristian əhalisinin çoxluq təşkil etdiyi Gürcüstana da ərazi iddiaları irəli sürməsi və İran İslam Respublikası ilə yaxın münasibətlərinin olması Dağlıq Qarabağ münaqişəsinin dinlə heç bir aiddiyyətinin olmadığını sübut edir (http://www.opinione-pubblica.com/perche-preoccupa-il-conflitto-del-nagorno-karabakh/).
Eyni zamanda italiyalı jurnalist Domeniko Letizia "Opinione" qəzetində Azərbaycanın beynəlxalq humanitar hüquqa uyğun fəaliyyət göstərən nizami orduya malik olduğu, əksinə, Ermənistan tərəfdən ASALA beynəlxalq erməni terrorçu təşkilatının üzvlərinin döyüşdə iştirak etdiyinə dair sübutların mövcudluğunu qeyd etmiş, Azərbaycanın işğal olunmuş ərazilərinin beynəlxalq nəzarətdən kənarda qalması səbəbindən ermənilərin həmin ərazilərdə qeyri-qanuni olaraq narkotik maddələr yetişdirdiyini və bundan əldə edilən vəsaitlə həmin ərazilərdəki erməni terrorist təşkilatlarını maliyyələşdirdiyini vurğulamışdır.
D.Letizia Azərbaycanın dünyəvi, tolerant, xristian və yəhudilərin sülh içində yaşadığı bir ölkə olduğunu qeyd etmiş, Azərbaycanın xristian aləmi ilə münasibətlərinin yüksək səviyyədə olması və cari il oktyabr ayında Papa Françeskonun ölkəmizə səfərinin nəzərdə tutulduğu bildirmişdir. Jurnalist, habelə Azərbaycanda önəmli yəhudi icmasının yaşadığı, Azərbaycanın İsraillə yaxın əlaqələrinin olduğunu da vurğulamışdır (http://www.opinione.it/esteri/2016/04/15/letizia_esteri-15-04.aspx).
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az