Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tikilən Quba şəhərindəki Soyqırım Memorial Kompleksi muzey kimi qeydiyyata alınaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

Bu barədə Trend-ə kompleksin tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib.

Q.Ağayev hesab edir ki, kompleksin nazirliyin tabeliyinə verilməsi onun fəaliyyətinin daha da yaxşılaşmasına xidmət edəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov da kompleksin nazirliyinə tabeliyinə verilməsini təsdiq edib.

Xatırladaq ki, ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. 514 kvadratmetr sahəsi olan məzarlığın 494 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. Həmin quyulardan biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin dekabrında Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.