Bakı. 5 may. REPORT.AZ/ “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinə aid olan bütün müştəri xidmətləri ASAN Kommunal mərkəzlərində vətəndaşlara göstəriləcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O bildirib ki, "ASAN Kommunal" mərkəzlərinin təşkilatlanma işinə bu gündən başlanılıb: "Çox qısa müddət ərzində "ASAN Kommunal"ın pilot layihəsi fəaliyyətə başlayacaq. Yeni xidmətlər "ASAN" xidmətə paralel mərkəzlər olacaq".
Sədrin sözlərinə görə, hazırda "ASAN" xidmət mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir: "ASAN Kommunal fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək".
O qeyd edib ki, digər bütün müasir ödəmə vasitələri, poçt ödəmələri, "ASAN" ödəniş vasitələri qalacaq və həmin xidmətləri asanlaşdırılma üsulları tətbiq olunacaq.