Bakı. 6 may. REPORT.AZ/ Bu gün PAŞA Bank və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. "Report"un məlumatına görə, razılığa əsasən, Paşa Bank BŞH-nin bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək.
Memorandumu bankın İdarə Heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nın Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim imzalayıb.
A.Atakişiyev bildirib ki, BŞH-nın maliyyə tərəfdaşı olaraq, bankın öhdəliyi tədbirin keçirilməsi üçün maliyyə dəstəyi vermək, bank avadanlıqları ilə təminatı təşkil etməkdir: "Məsələn, bankomatların qurşadırılması. Avropa Qran Prisinədək 5 bankomatın quraşdırılması nəzərdə tutulub".
B.Özərdim Paşa Bankla tərəfdaşlıqdan məmnun olduqlarını bildirib. O, memorandumun tək bu il deyil, qarşıdakı illər üçün nəzərdə tutulduğunu bildirib: "Bu cür əməkdaşlıqlar iqtisadiyyatın inkişafına töhfə verir. Biz Formula 1-i televiziyadan görürük. Bu cür tədbirin arxasında böyük əmək dayanır. Bu müvəffəqiyyət hekayəsinin tərəfdaşı olmaqdan şərəf duyuruq. Formula 1-də olduğu kimi biz pit-stop rolunu oynayırıq ki, müştərilərimiz yarışlarda birinci olsun. Bakıda Qran Pri ilk dəfə keçiriləcəyindən, təbliğatati işlərə ciddi önəm verilir. Bütün yayım şirkətləri şəhərimizə gəlib çəkilişlər aparıblar. Qarşıdakı müddətdə də bu proses davam edəcək. Bu memorandum BŞH adına edilən bir əməkdaşlıqdır. Bu səbəbdən, qarşıdakı illərdə də bu əməkdaşlıq olacaq".
BŞH rəsmisi bilet satışı ilə bağlı da danışıb: "Son 3-4 həftədir bilet satışları sürətlənib. Bunun bir səbəbi Formula 1 mövsümünün başlaması, digəri isə bizim təbliğatlarımızın təsiridir. Bu da hər kəsdə Formula 1 həyəcanını artırır. Xarici ölkələrdə satış prosesi hələ də davam edir. Ən çox bilet satışı Rusiya və qonşu ölkələrdə, İngiltərə, Almaniya və Hollandiyadadır. Düşünürəm ki, bütün tribunalar dolacaq. 32 xarici ölkədən biletlər alınıb. Bu proses davam edir".
BŞH-nin Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai isə Formula 1 trası boyunca yerləşən ev və iş məntəqələrinə sakinlərin giriş-çıxışı barədə məlumat verib: "Biz bununla bağlı iş aparırıq. Tras boyu yaşayış evləri və iş məntəqələri var. Bu səbəbdən, onların xüsusi giriş almaları lazım olacaq. Bunun detallı məlumatı gələn həftə ictimaiyyətə açıqlanacaq. Biz həm Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, həm də Bakı Şəhəri İcra Hakimiyyəti ilə iş aparırıq. Hansı tarixlərdə hansı yolların bağlı olacağı barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək".