Bilik Fondu təhsil ocaqları ilə əməkdaşlığını genişləndirir (FOTO)

Bilik Fondu təhsil ocaqları ilə əməkdaşlığını genişləndirir (FOTO)
13:43 23 Fevral 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında üçtərəfli Saziş imzalanıb.

Fonddan Trend-ə verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun imzaladıqları Sazişə görə, tərəflər müxtəlif yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin dövlətçilik ruhunda tərbiyə olunması, istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Bilik Fondunun icraçı direktoru O.Səmədov bu Sazişin mədəniyyətimiz və incəsənətimiz üçün yeni yollar açacağına, mədəni və intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi, diqqət mərkəzinə çəkilməsinin vacibliyini vurğulayan O.Səmədov Bilik Fondunun bu istiqamətdə dəstək verməyə hazır olduğunu deyib.

Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bu Sazişin rəhbərlik etdiyi təhsil ocağının tələbələri üçün önəmindən söz açıb. Onun sözlərinə görə, tələbələrin yaradıcılıq uğurları indi yalnız Rəssamlıq Akademiyasının çərçivəsində qalmayacaq, həm də Bilik Fondunun, Mədəniyyət və İncəsənət Universitetinin diqqət mərkəzində olacaq, bu da onların inkişafına stimul verəcəkdir.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva da üç yaradıcı və maarifləndirici təşkilatın birgə görəcəyi işlərə böyük ümid bəslədiyini vurğulayıb.

Bilik Fondu ilə imzalanan daha bir Sazişin tərəfdaşı Silahlı Qüvvələrin Hərbi Akademiyası olub. Akademiyada keçirilən "Hərbi psixologiya və pedaqogika" kitabının təqdimat mərasimindən sonra iki qurum arasında əməkdaşlıq Sazişi imzalanıb.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev "Hərbi psixologiya və pedaqogika" kitabının əsgərlər arasında geniş təbliğatının aparılmasının vacibliyini diqqətə çəkib. General-leytenant onu da vurğulayıb ki, Bilik Fondunun həyata keçirdiyi layihələr içərisində hərbçilərin maarifləndirilməsi və mülki əhalinin hərbi sahəsində zəruri biliklərinin artırılması istiqamətində birgə işlərin görülməsi qüdrətli ordumuzun həm də savadlı kadrlarla təminatında böyük rol oynayacaq.

Bilik Fondunun icraçı direktoru O.Səmədov rəhbərlik etdiyi qurumun maarifləndirmə missiyası daşıdığını xatırladaraq bildirib ki, hərbi hissələrdə müxtəlif mövzularda mühazirələrin təşkilindən tutmuş, əsgərlərin tarixi yerlərə ekskursiyasına qədər birgə rəngarəng proqramlar hazırlamaq mümkündür.

Bilik Fondu Azərbaycanın təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığın hüdudlarını genişləndirməkdə davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2367146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR