Bakı, 24 fevral, AzərTAc
Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən birgə 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov qeyd edib ki, “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan”da nazirliyin “195” nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin bir telefon məlumat xidmətinə inteqrasiya olunması, vahid “Çağrı Mərkəzi”nin təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bu layihənin icrasına 2010-cu ildən başlanılıb.
Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili” mövzusunda təqdimatla çıxış edərək, 195 Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində mərkəzə daxil olan dövlət qurumlarında xidmət zalları yaradılıb, əməkdaşları təlimlərə cəlb edilib. 195 Çağrı Mərkəzi üzrə xüsusi proqram təminatı hazırlanıb və qurulmuş serverlər vasitəsilə qurumlar bir-birinə inteqrasiya olunublar.
Tədbirdə qeyd edilib ki, 195 Çağrı Mərkəzi fevralın 4-dən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat və Sənaye, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.