"Qarşı tərəf bizim onlarla hərbi qulluqçumuzu məhv edə bilər". ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın xüsusi təyinatlı kəşfiyyat diviziyasının komandiri və yaradıcılarından olan Vova Vardanov deyib.

"Mövqeləri itirdiyimiz üçün əhali Talış kəndinə qayıda bilmir"
O, Azərbaycanın aprel ayında işğaldan azad etdiyi ərazilər haqqında danışıb. O deyib ki, bu, neytral ərazidir. "Əlbəttə, bu, vacib ərazidir. Təbii ki, bir mövqe strateji əhəmiyyət kəsb etməyə bilər. Lakin bu, birmənalı olaraq nəhəng taktiki və operativ əhəmiyyət daşıyır. Çünki oradan qarşı tərəf Talış istiqamətində olan mövqelərimizi görür və taktiki baxımdan onlar bizim onlarla hərbçimizi məhv edə bilərlər".

Ermənistan prezidenti Serj Sarkisyan Vyana görüşlərindən geri dönən zaman Ermənistan silahlı qüvvələrinin aprel döyüşlərində cəmi 800 hektar işğal olunmuş əraziyə nəzarəti itirdiyini bildirib və bu ərazilərin strateji əhəmiyyət daşımadığını vurğulayıb. Eyni zamanda Sarkisyan Ermənistan silahlı qüvvələrinin ümumilikdə 800 min hektar Azərbaycan ərazisini işğal etdiyini etiraf edib.
Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyan deyib ki, itirilən ərazilər arasında bir kənd də var.
Həmçinin azad olunan ərazilərlə bağlı Azərbaycanın Müdafiə Nazirliyi də açıqlama verib. Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, Azərbaycan tərəfdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür.
Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, həqiqətdə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.