Milli.Az xalq artisti, "Toylar kralı" Səməd Səmədovun aznews.az-a müsahibəsini təqdim edir.
- Səməd bəy, artıq müqəddəs Ramazan ayı başlayıb. Sənət adamlarının bəziləri oruc tutduqlarını bəyan ediblər. Siz necə, oruc tutursunuzmu?
- Bu günə kimi heç vaxt oruc tutmamışam. Amma ailəm, övladlarım, kürəkənim, nəvələrim isə həmişə oruc tutublar.
- Məlumdur ki, orucluqda toy da olmur. Bəs nə işlə məşğulsunuz?
- 6 nəvəm var, onları başıma yığmışam, yoldaşım da yanımdadır, bağdayıq, dincəlirik. Arada bəzi rayonlara səfər edəcəyəm. Orada məşhur dostlarım var, onlara baş çəkəcəyəm.
- Xeyriyyə işləri görürsünüz?
- Əlbəttə. Elə bir orucluq ayı olmayıb ki, xeyirxah işlər etməyim. Fatmaidə məscid var, ora bütün ilboyu dəstək oluram. Bundan başqa müəyyən imkansız ailələr var ki, onlara kömək edirəm. Oruc tutanlar üçün iftar süfrəsi verirəm. Bu, lazımdır.
- Qarşıdan gələn aylarda yeni layihələriniz olacaqmı?
- Orucluq ayından sonra bir neçə layihəm olacaq. Sentyabr ayında yeni bir diskim işıq üzü görəcək. Elə bir il yoxdur ki, mənim hit mahnım çıxmasın. "Mənə belə qəşəngsən", "Sevdiyimlə evlənirəm" və s. mahnılar klip şəklində olacaq. Sənətkar gündəmdə qalması üçün həmişə öz üzərində işləməlidir. Müğənninin yaradıcılığı olmalıdır. Mən də gündəmdə qalmaq istəyirəm.
- Səməd bəy, sənət adamları yaradıcılıqdan çox şəxsi həyatları, mülkləri, geyimləri ilə gündəmi zəbt edirlər...
- Bilirsiniz, müğənni geyimiylə də gündəmə gələ bilər. Lakin kim olursan ol, vacib olan zövqdür. İstəyirsən istedadlı ol, istəyirsən istedadsız, fərq etməz, əsas zövqdür. Mən bəzən sadə mağazadan 80-100 manatlıq kostyum alıram, lakin zövqlə seçirəm. Mahnı seçimi də zövqlə olmalıdır. Allah məndən bu zövqü əsirgəməyib.
- Pəhriz saxlayırsınız?
- Yox, heç vaxt. Dənizə gedirəm, idmanla məşğul oluram. Bu da məni formada saxlayır.
- Şou-biznes nümayəndələrinin, xüsusilə də kişilərin arasında estetik əməliyyat edənlərin sayı çoxalır. Sizcə bu, lazımdırmı?
- Estetik əməliyyat çox vacibdir. İstər müğənni, istər aktyor, istərsə də digər sənətin nümayəndələri həmişə yüksək səviyyədə qalmalıdır. Əgər o, xalq tərəfindən sevilib, istənilirsə, görkəmini, formasını da saxlamalıdır. Kişi, yaxud da qadın fərq etməz, mən estetik əməliyyat edənlərə müsbət baxıram. Bəzi müğənnilərimiz var ki, saç qoydururlar, bu yaxşı haldır. Qadın müğənnilərimiz üzlərini düzəltdirir, bədənlərini formaya salırlar, artıq çəkidən xilas olurlar. Niyə də yox? Müğənni, aktyor xalqın qarşısında olur, ona görə də gözəl görünmək məcburiyyətindədir.
- Deyirsiniz ki, kişilərin estetik əməliyyat etdirməsinə müsbət baxırsınız. Bəs siz özünüz necə, estetik əməliyyat etdirmisiniz?
- Yox. Nəyimə lazımdır!? Mənim saçlarım yerində, üzüm qaydasında, zövqüm də əladır. Məni idman və Allah saxlayır.
Milli.Az