Bakı, 25 fevral, Pərvanə İmanova, AzərTAc
Fevralın 25-də (AMEA) Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xocalının dünyaya çatan harayı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Dünya soyqırımıları faciəsi kontekstində Xocalı” mövzusunda məruzə ilə çıxış edib, ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımının dünyada ən dəhşətli cinayət olduğunu söyləyib.
Akademik R.Hüseynov hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı anma mərasimlərinin keçirildiyini vurğulayaraq bildirib ki, əsas məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etməkdir.
Konfransda Xocalı soyqırımı barədə məruzələr dinlənilib, qanlı faciəni əks etdirən stendlər nümayiş olunub.