"Qəbələ" ambisiyaları olan böyük klubdu.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Teo Luis Uiks deyib.
"Qırmızı-qaralar"la 1 illik müqavilə imzalayan Liberiya yığmasının futbolçusu xarici mətbuata açıqlama verib.
"Qəbələ"yə keçidi barədə danışan Uiks yeni komandasında özünü yaxşı tərəfdən göstərmək üçün əlindən gələni edəcəyini bildirib: "Yeni ölkə və yeni klub mənim üçün yeni çağırış deməkdi. Dua edirəm ki, Allah mənə kömək olsun. Asan olmayacaq. Lakin "Qəbələ"də mənə veriləcək tapşırıqları yerinə yetirmək üçün yaxşı hazırlaşmışam. Böyük klublarda təzyiq yüksək olur. Ancaq bu mənə qəribə gəlməyəcək".
"Qəbələ"də icarə əsasında çıxış edəcək 26 yaşlı yarımmüdafiəçi qarşıdakı mövsümdə daim güclü olacağını qeyd edib: "Karyeram ərzində Türkiyə və Portuqaliya klublarında da çıxış edib, təcrübə qazanmışam. Yaxşı köklənməli və həmişə güclü olmalıyam. Bunu bacarsam, qarşıdakı mövsümdə "Qəbələ"nin məqsədə çatmasına kömək edə bilərəm".
Qeyd edək ki, Uiks 2008-ci ildən şərəfini qoruduğu Liberiya millisində 19 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi karyerası ərzində Türkiyənin "Ankaraspor" (indiki "Osmanlıspor", 2008-2010), "Ankaragücü" (2009-2010 icarə əsasında, 2010-2012), "Çaykur Rizəspor" (2011 icarə əsasında) və "Göztəpə" (2012-2013) klublarında, həmçinin Portuqaliya təmsilçisi "Maritimo"da çıxış edib. Son klubu isə "Ermis" (Kipr) olub.
Milli.Az